
Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Tehran danışıqlar
masasına əyləşməkdən imtina edəcəyi təqdirdə Vaşinqton İranın
elektrik stansiyalarına və körpülərinə zərbələr endirməyə
başlayacaq.
ABŞ lideri “Fox News” telekanalına müsahibəsində bildirib ki,
qarşıdakı həftə İran üçün çox acınacaqlı ola bilər.
“Əgər onlar danışıqlar masasına əyləşməsələr, bütün elektrik
stansiyalarını, bütün körpülərini sıradan çıxaracağıq”, – deyə
Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ artıq İrana “çox güclü zərbələr”
endirib və ölkənin bütün sahil xətti boyunca yerləşən obyektlərə
hücumlarını davam etdirir.
Tramp həmçinin bildirib ki, administrasiyasının nümayəndələri bu
yaxınlarda İran rəsmiləri ilə təmasda olublar. Tehrana göndərilən
mesajın məzmunu barədə suala cavabında o deyib:
“Yaxşı olar ki, razılığa gələsiniz. Əks halda sizdən heç nə
qalmayacaq.”
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

