
Bakı.Trend:
“Anglo Asian Mining” 2026-cı ilin ilk yarısının yekunlarına
əsasən Azərbaycanda mis istehsalını artırıb.
Şirkətin son hesabatında bildirilib ki, 2026-cı ilin yanvar-iyun
aylarında “Anglo Asian Mining ” 8 840 ton mis istehsal edib. Bu
göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 1 188 tonla
müqayisədə xeyli yüksəkdir.
Şirkət qeyd edib ki, 2026-cı ildə mis istehsalını artırmaqda
davam edir və istehsal həcmləri rübdən-rübə yüksəlir. Belə ki,
2026-cı ilin II rübündə mis istehsalı I rübdəki 3 711 tonla
müqayisədə 5 129 ton təşkil edib.
Xüsusilə, II rübdə Gədəbəy yatağında 1 879 ton mis hasil olunub, “Dəmirli” yatağının payına isə 3 250 ton düşüb.
“Anglo Asian Mining” bildirib ki, Dəmirli yatağının layihə
gücünə çatdırılması istiqamətində işlər davam edir və tam istehsal
həcminə 2026-cı ilin III rübündə nail olunacağı gözlənilir.
Bundan əvvəl Anglo Asian Mining 2026–2027-ci illərdə ümumi həcmi
90 min metr olan karot qazma proqramını həyata keçirməyi
planlaşdırdığını açıqlamışdı. Proqrama təxminən 55 min metr
kəşfiyyat qazması və texniki-iqtisadi əsaslandırmaların
hazırlanması çərçivəsində təxminən 35 min metr qazma işləri
daxildir.
Şirkətin məlumatına görə, kəşfiyyat işləri əsasən Xarxar və
Qaradağ sahələrində ehtiyatların genişləndirilməsinə, həmin
ərazilərə bitişik sahələrdə aparılacaq işlərə, Gədəbəy müqavilə
sahəsində növbəti qazmalara, həmçinin Dəmirli və Cənubi Dəmirli
sahələrinin genişləndirilməsinə yönəldiləcək.
“Anglo Asian Mining”in biznesin inkişafı üzrə baş direktoru
Əmirreza Vəziri Trend-ə özəl müsahibəsində bildirib ki, şirkət Xarxar
və Qaradağ layihələrinin kapital tutumunun dünyada ən aşağı
göstəricilərdən biri olacağını gözləyir.
“Biz gözləyirik ki, Xarxar və Qaradağ layihələrinin kapital
tutumu dünyada ən aşağı göstəricilərdən biri olacaq. Mis katodunun
istehsalının digər üstünlüyü ondan ibarətdir ki, konsentratdan
fərqli olaraq, bu məhsulu dünyanın müxtəlif bazarlarında birbaşa
satmaq mümkündür. Bu isə o deməkdir ki, istehsal konsentratın
metala çevrilməsi üçün misəritmə müəssisələrinin artıq güclərinin
mövcudluğundan asılı olmayacaq”, – deyə o izah edib.

