
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 15-də
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə
görüşüb.
Bu barədə Nazirlər Kabinetinin rəsmi saytında məlumat dərc edilib.
Bildirilib ki, görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin
Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin
dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların
Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin
inkişafına mühüm təkan verəcəyi vurğulanıb.
Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində,
xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində
iştirakının önəmi qeyd olunub.
Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının
inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü yüksək
qiymətləndirilərək buna görə minnətdarlıq ifadə edilib.
Azərbaycan ilə Slovakiya arasında siyasi, ticarət-iqtisadi,
investisiya, enerji, nəqliyyat, humanitar və digər sahələrdə
əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran istiqamətlər üzrə
əməkdaşlığın daha da genişləndirilməsi və yeni birgə layihələrin
həyata keçirilməsi perspektivləri müzakirə olunub.

