
Bakı.Trend:
“Anglo Asian Mining” şirkətinin Azərbaycanda qızıl istehsalı
2025-ci ilin II rübündə qeydə alınmış 6 086 unsiya ilə müqayisədə
2026-cı ilin müvafiq dövründə 6 272 unsiya təşkil edib.
Şirkətin məlumatına görə, istehsal olunan qızılın 5 158 unsiyası
qızıl dore ərintisinin tərkibində əldə olunub, daha 1 114 unsiya
isə flotasiya prosesi və SART texnologiyasından istifadə edilməklə
istehsal edilib.
2026-cı ilin ilk yarısının yekunlarına əsasən, “Anglo Asian
Mining” qızıl istehsalında rekord göstəriciyə nail olub. Belə ki,
istehsal həcmi 12 329 unsiya təşkil edib. Bu rəqəm 2025-ci ilin ilk
yarısında qeydə alınmış 12 114 unsiya ilə müqayisədə yüksəkdir.
“Anglo Asian Mining” şirkətinin baş icraçı direktoru Rza Vaziri
bildirib ki, 2026-cı ilin ilk altı ayı şirkət üçün mühüm dövr olub,
çünki “Anglo Asian” tarixində ən yüksək yarımillik qızıl istehsalı
məhz bu dövrdə qeydə alınıb.
“Dəmirli layihəsinin layihə gücünə çatdırılması gözləntilərimizə
uyğun şəkildə davam edir və cari rüb ərzində başa çatacaq. Bununla
yanaşı, orta müddətli inkişaf strategiyamızın icrası çərçivəsində
digər aktivlərimizi də inkişaf etdirməyə davam edirik və bu
strategiyanın uğurla həyata keçiriləcəyinə əminik. Güclü pul axını
sayəsində həm inkişaf strategiyasının icrasını daha da
sürətləndirmək, həm də səhmdarları mükafatlandırmaq üçün kifayət
qədər kapitalımız var. 2026-cı il üzrə proqnozlarımızı bir daha
təsdiqləməkdən məmnunam və ilin ikinci yarısında da güclü nəticələr
gözləyirəm”, – deyə o bildirib.
“Anglo Asian Mining plc” Azərbaycanda yüksək keyfiyyətli hasilat
və kəşfiyyat aktivləri portfelinə malik mis və qızıl
istehsalçısıdır. Şirkət 2025-ci ilin yekunlarına əsasən 7 915 ton
mis və 25 061 unsiya qızıl istehsal edib.
Şirkətin strateji inkişaf planına əsasən, 2030-cu ilədək Anglo
Asian Mining bir neçə aktivə malik orta miqyaslı mis və qızıl
istehsalçısına çevrilməyi hədəfləyir. Həmin dövrədək mis şirkətin
əsas məhsuluna çevriləcək və illik mis istehsalının 50–55 min ton
səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu məqsədlərə nail olmaq üçün şirkət 2027–2030-cu illərdə
Xarxar, Qaradağ və Zəfər olmaqla üç yeni mədəni istismara verməyi
planlaşdırır. Bu layihələr Gilar və Dəmirli yataqlarına əlavə
olaraq həyata keçiriləcək. Gilar mədənində hasilata 2025-ci ilin
may ayında, Dəmirli mədənində isə 2025-ci ilin iyul ayında
başlanılıb.
Bundan əvvəl “Anglo Asian Mining” 2026–2027-ci illərdə ümumi
həcmi 90 min metr olan karot qazma proqramı həyata keçirəcəyini
açıqlamışdı. Proqram çərçivəsində təxminən 55 min metr kəşfiyyat
qazması, 35 min metr isə texniki-iqtisadi əsaslandırmaların
hazırlanması məqsədilə qazma işləri aparılacaq.
Şirkət artıq Xarxar yatağında iki qazma qurğusu ilə karot qazma
işlərinə başlayıb. Qaradağ yatağında qazma işlərinə isə 2026-cı
ilin üçüncü rübündə başlanacağı gözlənilir.
“Anglo Asian Mining” şirkətinin biznesin inkişafı üzrə baş
direktoru Əmirreza Vəziri Trend-ə özəl müsahibəsində bildirib ki,
layihənin 2028-ci ilədək nəzərdə tutulan inkişaf qrafikinə uyğun
həyata keçirilməsinə mane ola biləcək ciddi qeyri-geoloji
məhdudiyyətlər mövcud deyil.
“Layihə yollar, su təchizatı və elektrik enerjisi daxil olmaqla
əsas infrastruktur obyektlərinə çıxışı təmin edən əlverişli ərazidə
yerləşir. Bundan əlavə, mövcud istehsal obyektlərimizə yaxınlıq
inkişaf və əməliyyat sinerjisi baxımından əlavə imkanlar yaradır”,
– deyə o əlavə edib.

