
Bakı.Trend:
“Anglo Asian Mining” şirkəti 2026-cı ilin ilk yarısının
yekunlarına əsasən Azərbaycanda gümüş istehsalını artıraraq
istehsal həcmini 92 855 unsiyaya çatdırıb. Bu göstərici 2025-ci
ilin ilk yarısında qeydə alınmış 62 348 unsiya ilə müqayisədə
əhəmiyyətli artım deməkdir.
Şirkətin son hesabatına əsasən, 2026-cı ilin ikinci rübündə
gümüş istehsalı 50 059 unsiya təşkil edib. Bu isə 2025-ci ilin eyni
dövründə istehsal olunan 32 033 unsiyadan yüksəkdir.
“2026-cı ilin ikinci rübündə istehsal olunan gümüşün 5 775
unsiyası qızıl dore ərintisinin tərkibində əldə olunub, 44 284
unsiyası isə flotasiya prosesi və SART texnologiyasından istifadə
edilməklə emal nəticəsində istehsal edilib”, – deyə Anglo Asian
Mining-in məlumatında bildirilir.
Şirkət qeyd edib ki, 2026-cı ildə indiyədək əldə olunan
nəticələrdən razıdır və onlar maliyyə ilinin yekunları üzrə
gözləntilərə uyğundur.
“2026-cı ilin ikinci yarısında Dəmirli layihəsinin üçüncü rübdə
layihə gücünə çatması, eləcə də mövsümi amillər nəzərə alınmaqla
istehsalın ilk yarımillə müqayisədə artacağı gözlənilir.
Direktorlar Şurası 2026-cı il üzrə istehsal hədəflərinə – 20–25 min
ton mis, 28–33 min unsiya qızıl və 170–210 min unsiya gümüş
istehsalına nail olunacağına, həmçinin mis istehsalına fokuslanan
orta miqyaslı istehsalçı statusuna keçidi nəzərdə tutan orta
müddətli inkişaf strategiyasının davam etdiriləcəyinə əminliyini
qoruyur”, – deyə “Anglo Asian Mining”dən bildirilib.
Qeyd edək ki, Anglo Asian Mining plc Azərbaycanda yüksək
keyfiyyətli hasilat və kəşfiyyat aktivləri portfelinə malik mis və
qızıl istehsalçısıdır. Şirkət 2025-ci ilin yekunlarına əsasən 7 915
ton mis və 25 061 unsiya qızıl istehsal edib.
Şirkətin strateji inkişaf planına əsasən, 2030-cu ilədək bir
neçə aktivə malik orta miqyaslı mis və qızıl istehsalçısına
çevrilməsi nəzərdə tutulur. Həmin dövrdə mis şirkətin əsas
məhsuluna çevriləcək və illik mis istehsalının 50–55 min ton
səviyyəsində olacağı proqnozlaşdırılır.
Şirkət bu məqsədlərə 2027–2030-cu illərdə Xarxar, Qaradağ və
Zəfər olmaqla üç yeni mədəni istismara verməklə nail olmağı
planlaşdırır. Bu mədənlər Gilar və Dəmirli yataqlarına əlavə olaraq
fəaliyyət göstərəcək. Gilar mədənində hasilata 2025-ci ilin may
ayında, Dəmirli mədənində isə 2025-ci ilin iyul ayında
başlanılıb.

