
Bakı.Trend:
Kremlə yaxın oliqarxlar da daxil olmaqla, Rusiyanın
milyarderləri iqtisadi vəziyyətin pisləşəcəyi, bank sistemində
problemlərin yaranacağı və aktivlərinin dövlətin xeyrinə müsadirə
oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda kapitallarını xaricə
çıxarmağı sürətləndiriblər.
Bu barədə “Bloomberg” agentliyi Rusiya elitasına yaxın mənbələrə
istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ilin əvvəlindən etibarən Rusiyadan
on milyardlarla ABŞ dolları həcmində vəsait xaricə çıxarılmış ola
bilər. Kapitalını qorumaq üçün iş adamları kriptovalyutadan və
qızıldan istifadə edir, həmçinin BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı,
Kipr və Afrika ölkələrində aktivlərə və özəl investisiya fondlarına
sərmayə yatırırlar.
“Bloomberg”in mənbələri bu tendensiyanı iri özəl aktivlərin
milliləşdirilməsi dalğası ilə əlaqələndirirlər. Bu il dövlətin
nəzarətinə, xüsusilə, “Rusagro” holdinqinin, “Yujuralzoloto”
şirkətinin və “Domodedovo” hava limanının aktivləri keçib.
Agentliyin həmsöhbətlərinin qiymətləndirməsinə görə, bu şirkətlərin
satışından dövlət büdcəsinə artıq yüz milyardlarla rubl daxil
olub.
İlin ilk altı ayında təxminən 6 trilyon rubla çatan büdcə kəsiri
fonunda biznes dairələrinin narahatlığı daha da artıb. Rusiya
Mərkəzi Bankı isə artıq özəl kapitalın xalis çıxışı ilə bağlı
statistik məlumatları dərc etmir.

