
Bakı. Trend:
Bu ilin oktyabr ayından “Wizz Air” Bakı – Bratislava marşrutu
üzrə birbaşa reyslərə start verəcək.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat
xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq
uçuş şəbəkəsini ardıcıl şəkildə genişləndirərək sərnişinlər üçün
daha çox seçim və daha əlçatan səyahət imkanları yaradır.
Vurğulanlb ki, hazırda hava limanında fəaliyyət göstərən
aviaşirkətlərin təxminən yarısını aşağıbüdcəli və hibrid biznes
modeli ilə fəaliyyət göstərən aviadaşıyıcılar təşkil edir.
“Bu gün 20-yə yaxın aşağıbüdcəli və hibrid aviaşirkət Bakıdan
20-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirir.
“Wizz Air”, “Pegasus Airlines”, “Air Arabia”, “flydubai”, “flynas”
və digər aviadaşıyıcılar vasitəsilə sərnişinlər Budapeşt, Roma,
İstanbul, Daşkənd, Dubay, Şarja, Antalya, Aktau və digər şəhərlərə
səyahət edə bilirlər. Müxtəlif tarif modelləri və çevik uçuş
cədvəlləri fərqli büdcə və səyahət ehtiyaclarına uyğun seçim imkanı
təqdim edir.
2026-cı ildə marşrut şəbəkəsi yeni istiqamətlərlə genişlənməyə
davam edib. “FLYONE Asia” Daşkənd, “FLYONE” isə Kişinau istiqaməti
üzrə müntəzəm uçuşlara başlayıb. Bundan əlavə, cari ilin oktyabr
ayından “Wizz Air” Bakı – Bratislava marşrutu üzrə birbaşa reyslərə
start verəcək.
Yeni aviaşirkətlərin və marşrutların cəlb edilməsi Heydər Əliyev
Beynəlxalq Aeroportunun beynəlxalq əlaqələrinin genişləndirilməsi
istiqamətində həyata keçirilən ardıcıl inkişaf strategiyasının
tərkib hissəsidir. Bu, sərnişinlər üçün daha geniş marşrut və tarif
seçimi yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq hava nəqliyyatı
şəbəkəsində əlaqəliliyinin güclənməsinə töhfə verir”, – məlumatda
qeyd edilib.

