
Bakı.Trend:
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Suriyanın
Ət-Tənf bölgəsində yerləşən ABŞ komanda mərkəzinə zərbə endirdiyini
bəyan edib.
Bu barədə İranın Mehr agentliyi SEPAH-ın mətbuat xidmətinin
bəyanatına istinadən məlumat yayıb.
“Hücum nəticəsində bir radiolokasiya sistemi və bir neçə xüsusi
təyinatlı helikopter məhv edilib, həmçinin xeyli sayda ABŞ hərbi
qulluqçusu zərərsizləşdirilib”, -deyə bəyanatda qeyd edilir.
Bundan əlavə, SEPAH bildirib ki, Hörmüz boğazı hələ də İran
ordusunun tam nəzarətindədir . Bəyanatda vurğulanıb ki, ABŞ
hücumları davam etdirəcəyi müddətdə boğaz vasitəsilə neft və qaz
ixracına icazə verilməyəcək.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

