Arıqlama məhsullarında təhlükəli maddələr aşkarlanıb – AQTA

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı
monitorinqlər nəticəsində həm arıqlama məhsullarında insan
sağlamlığı üçün təhlükəli maddələr, həm də energetik içki olmayan
məhsulların istehlakçıları çaşdıran şəkildə təqdim edildiyi müəyyən
olunub.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu barədə AQTA-nın Qida
təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Agentliyin 6 ayın
yekunlarına həsr olunan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Agentliyin nəzarət tədbirləri zamanı sosial
şəbəkələrdə və müxtəlif satış məntəqələrində qanunsuz satılan
bioloji aktiv qida məhsulları, idmançı qidaları və xüsusilə
qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və
digər məhsullardan nümunələr götürülərək laborator müayinələr
aparılıb. Müayinə olunan bütün arıqlama məhsullarının tərkibində
insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və
sildenafil maddələri aşkarlanıb.

Validə Sadıxova bildirib ki, ürək-damar sisteminə ciddi mənfi
təsirləri səbəbindən sibutraminin dünyanın bir çox ölkəsində, o
cümlədən dərman vasitələrinin tərkibində istifadəsi qadağan edilib.
Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokolad
məhsullarında bəyan edilməyən sildenafil maddəsi də müəyyən olunub.
Agentlik istehlakçılara belə məhsulları almamağı, əldə etdikləri
halda isə istifadə etməməyi tövsiyə edir.




Şöbə müdiri, həmçinin qeyd edib ki, energetik içkilərlə bağlı
aparılan istehlakçı sorğusu respondentlərin 72 faizinin energetik
içki olmayan məhsulları qablaşdırma və marketinq elementlərinə
əsasən energetik içki hesab etdiyini göstərib.

Bununla əlaqədar bazarda aparılan monitorinq zamanı ölkəyə idxal
olunan bütün energetik içkilər, eləcə də yerli istehsal və idxal
olunan müxtəlif alkoqolsuz içkilərdən nümunələr götürülərək etiket
məlumatları və laborator nəticələr təhlil edilib. Araşdırma
nəticəsində müəyyən olunub ki, energetik içki olmadığı halda yerli
məhsulların 50 faizindən çoxunun qablaşdırılmasında güc,
dominantlıq və aqressiyanı simvolizə edən heyvan təsvirlərindən,
enerji və yüksək performansı ifadə edən söz, emblemlər və digər
vizual elementlərdən istifadə olunur.

Validə Sadıxovanın sözlərinə görə, monitorinqin nəticələri
istehlakçı sorğusunun nəticələrini təsdiqləyib. Bununla bağlı
sahibkarlarla görüşlər keçirilib, qanunvericiliyin tələbləri izah
olunub, eyni zamanda müvafiq dövlət qurumlarına rəsmi müraciətlər
göndərilərək birgə tədbirlərin görülməsi təklif edilib.

O vurğulayıb ki, Agentliyin məqsədi hər hansı istehsalçı və ya
məhsulu hədəfə almaq deyil, istehlakçının seçim prosesinin
marketinq təsiri ilə deyil, düzgün və etibarlı məlumat əsasında
formalaşmasını təmin etməkdir. AQTA xatırladıb ki, “Qida
təhlükəsizliyi haqqında” qanunun 17.2.3-cü maddəsinə əsasən, qida
məhsullarının etiketlənməsi, qablaşdırılması və təqdimatı
istehlakçıda məhsul barədə yanlış təsəvvür yaratmamalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir