
Bakı.Trend:
İraqın şimalına dislokasiya olunmuş ABŞ hərbçiləri Ərbil
şəhərinin üzərində səkkiz kamikadze-tipli pilotsuz uçuş aparatını
(PUA) məhv edib.
Bu barədə İraqın INA xəbər agentliyi məlumat yayıb.
Zərərsizləşdirilmiş dronların yerə düşən qalıqlarının itkilərə
səbəb olmadığı bildirilir.
ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də
başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran
arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz
boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran
ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

