Fransada şirkət müflisləşmələri rekord həddə çatıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin birinci yarısında Fransada şirkət
müflisləşmələrinin sayı rekord səviyyəyə yüksəlib. Məhkəmə
nəzarəti, sağlamlaşdırma və ya ləğvetmə prosedurlarına cəlb olunan
müəssisələrin sayı təxminən 37 minə çatıb. Məlumat Fransa Məhkəmə
İnzibatçıları və Məhkəmə Nümayəndələri Milli Şurasının statistikası
əsasında açıqlanıb.

Hesabata görə, müflisləşmələrin sayı ötən ilin eyni dövrü ilə
müqayisədə 4,1 faiz artıb. Bu göstərici 2025-ci ilin sonlarında
müşahidə olunan nisbi sabitləşməyə baxmayaraq, Fransa
iqtisadiyyatında struktur problemlərinin davam etdiyini
göstərir.

Fransa Bankının qiymətləndirməsinə əsasən, mövcud vəziyyəti
təkcə COVID-19 pandemiyasının gecikmiş təsirləri ilə izah etmək
mümkün deyil. Müəssisələr Yaxın Şərqdəki geosiyasi gərginlik,
enerji qiymətlərinin bahalaşması, xammal və gübrə xərclərinin
artması kimi amillərin təzyiqi altında fəaliyyət göstərir. Hazırda
100 mindən çox iş yerinin risk altında olduğu bildirilir.




Ən çox zərərçəkənlər mikromüəssisələr olsa da, on nəfərdən artıq
işçisi olan şirkətlər arasında da maliyyə çətinliklərinin artdığı
qeyd olunur. Sənaye sektoru xüsusilə ağır vəziyyətdədir. Emal
sənayesində müflisləşmələr bir il ərzində 8 faiz, pandemiyadan
əvvəlki 2019-cu illə müqayisədə isə 47 faiz artıb.

Hotel-restoran, kənd təsərrüfatı və meşəçilik sahələrində də
vəziyyət pisləşməkdə davam edir. Son iki sektorda müflisləşmələrin
sayı ötən illə müqayisədə 60 faiz, 2019-cu illə müqayisədə isə 167
faiz artıb ki, bu da xüsusilə Fransa üzümçülük sektorunda davam
edən problemləri əks etdirir.

Mövcud tendensiya ilin sonunadək davam edərsə, Fransada 2026-cı
il ərzində müflisləşən şirkətlərin sayı 70 minə çata bilər. Bu
göstərici 2008–2009-cu illərin qlobal maliyyə böhranı dövründə
qeydə alınan ən yüksək səviyyəni də üstələyə bilər. Mütəxəssislər
bunu zəif iqtisadi artım, yüksək istehsal xərcləri və beynəlxalq
iqtisadi qeyri-müəyyənlik fonunda Fransa şirkətlərinin davam edən
həssaslığı ilə əlaqələndirirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir