
Bakı.Trend:
ABŞ ordusunun İranın cənubunda yerləşən su təchizatı
obyektlərinə endirdiyi zərbələr nəticəsində ümumilikdə 10 minə
yaxın insanın yaşadığı 20 yaşayış məntəqəsinin sakinləri susuz
qalıb.
Bu barədə İranın Qırmızı Aypara cəmiyyəti məlumat yayıb.
Təşkilatın nümayəndələrinin bildirdiyinə görə, ABŞ hərbçiləri
Hörmüzqan ostanının Bondji rayonunda yerləşən duzsuzlaşdırma
sistemi və enerji infrastrukturuna aid obyektlərə zərbələr
endiriblər.
“Əhalisi 10 min nəfər olan 20 yaşayış məntəqəsi susuz qalıb”, –
deyə tibb işçilərinin açıqlamasında bildirilib.
Qeyd edək ki, ABŞ iyulun 17-də İran obyektlərinə qarşı yeni
silsiləvi zərbələr endirib və bildirib ki, bu hücumların məqsədi
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi imkanlarını
zəiflətməkdir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

