
Bakı.Trend:
Ötən gün Almaniyanın bir sıra federal torpaqlarında o cümlədən
cənub bölgəsində baş verən güclü qasırğa ciddi fəsadlara, o
cümlədən ictimai nəqliyyatın işində fasilələrə yol açıb.
Bu barədə “Spiegel” nəşri yazıb.
Məlumata görə, xilasedicilər aşan ağaclar, su altında qalan
yollar və zirzəmilər, eləcə də əlverişsiz hava şəraitinin yaratdığı
yol-nəqliyyat hadisələri ilə bağlı yüzlərlə çağırış qəbul
ediblər.
Xüsusilə Berlində əlverişsiz hava şəraiti şəhərətrafı elektrik
qatarı “S-Bahn”ın iştirakı ilə qəza ilə nəticələnib. Təxminən 100
sərnişinin olduğu qatar fırtına zamanı relslərin üzərinə aşan ağaca
çırpılıb. Toqquşma nəticəsində qatarın ön şüşəsi zədələnsə də,
xəsarət alan olmayıb.
Brandenburqda yanğınsöndürmə briqadaları aşan ağaclar, qırılan
budaqlar və su basmış zirzəmilərlə bağlı onlarla çağırışa çıxıblar.
Ən çox müraciət Kotbus rayonundan daxil olub.
Ən mürəkkəb vəziyyət isə Saksoniya-Anhalt federal torpağında
qeydə alınıb. Burada dispetçer xidmətləri qısa müddət ərzində su
basmış zirzəmilər və yollar, eləcə də hərəkət hissəsinə aşan
ağaclarla bağlı 70-dən çox çağırış qəbul edib.

