PAŞA Bank bizneslərin beynəlxalq standartlara uyğun inkişafını dəstəkləməyə davam edir

Baş səhifə

Bakı. Trend:

PAŞA Bank ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə
vermək məqsədilə müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslərin
inkişafını dəstəkləyir. Bank xüsusilə qeyri-neft sektorunun, yerli
istehsalın və ixracyönümlü müəssisələrin maliyyələşdirilməsinə,
eləcə də ətraf mühit, sosial və korporativ idarəetmə (ESG)
prinsiplərinə uyğun layihələrin həyata keçirilməsinə xüsusi önəm
verir. Aqrar sektor, müasir suvarma sistemləri, istehsal, bərpa
olunan enerji və digər istiqamətlərdə maliyyələşdirilən layihələr
bu yanaşmanın tərkib hissəsidir. Bu istiqamətdə uğurlu nümunələrdən
biri də Almet-STP-dir.

STP Şirkətlər Qrupu və Almet Holding tərəfindən təsis edilmiş
Almet-STP, PAŞA Bankın kredit maliyyələşdirməsi ilə həyata
keçirilən layihə çərçivəsində aşağı karbonlu polad istehsalı üzrə
istixana qazı emissiyalarının ölçülməsi və hesabatlılığı sahəsində
mühüm mərhələni uğurla tamamlayıb. Şirkət TÜV Austria tərəfindən
ISO 14064 standartına uyğun müstəqil verifikasiya əldə edib.

Bu nəticə Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizmi
(CBAM) kimi yeni tələblər fonunda xüsusi əhəmiyyət daşıyır və
Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrin
dayanıqlı istehsal standartlarına uyğunlaşması istiqamətində atılan
mühüm addımlardan biri hesab olunur.

PAŞA Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Cavid
Quliyev bildirib:

“PAŞA Bank olaraq bizneslərin yalnız maliyyə resurslarına
çıxışını təmin etməyi deyil, onların uzunmüddətli inkişafına və
beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına töhfə
verməyi hədəfləyirik. Almet-STP-nin əldə etdiyi beynəlxalq
verifikasiya bunun uğurlu nümunəsidir. Belə layihələr yerli
istehsalın inkişafına, qeyri-neft sektorunun güclənməsinə və ‘Made
in Azerbaijan’ məhsullarının beynəlxalq bazarlarda daha geniş
tanınmasına töhfə verir.”




STP Şirkətlər Qrupunun Baş İcraçı Direktoru Ələkbər Abbaslı qeyd
edib:

“Almet-STP-nin əldə etdiyi verifikasiya STP Şirkətlər Qrupunun
sənaye müəssisələrində beynəlxalq idarəetmə və hesabatlılıq
standartlarının tətbiqinə verdiyimiz önəmi nümayiş etdirir. Ölkənin
qeyri-neft sektorunun inkişafına və polad istehsalının
gücləndirilməsinə töhfə verən əsas sənaye lokomotivlərindən biri
olaraq, bu istiqamətdə fəaliyyətimizi ardıcıl şəkildə davam
etdirəcəyik. PAŞA Bankın maliyyə dəstəyi isə bu prosesdə dəyərli
tərəfdaşlıq nümunəsidir.”

Almet Holdingin İdarə Heyətinin sədri Şirin Camallı
bildirib:

“Emissiyalarımızın ölçülməsi və müstəqil verifikasiyası sonrakı
bütün addımların təməlini təşkil edir. PAŞA Bankın dəstəyi
sayəsində bu proses Avropa və Birləşmiş Krallıqdakı müştərilərimizə
auditdən keçmiş məlumatlara etibar etmək imkanı verir və karbon
tənzimləmələri sərtləşdikcə Azərbaycanda istehsal edilən poladın
rəqabət qabiliyyətini gücləndirir.”

PAŞA Bank ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət
göstərən bizneslərin inkişafını dəstəkləməyə, yerli istehsalın,
ixrac potensialının və dayanıqlı iqtisadi inkişafın
gücləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsini davam
etdirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir