Sahibə Qafarova Özbəkistanın baş prokuroru ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
səfərdə olan Özbəkistan Respublikasının baş prokuroru Niqmatilla
Yuldoşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında
strateji müttəfiqlik münasibətləri, parlamentlərarası əlaqələr,
hüquq və qanunvericilik sahəsində əməkdaşlıq, beynəlxalq
təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə
olunub.

Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin
qardaşlıq, dostluq və qarşılıqlı etimada əsaslandığını bildirib. O,
dövlətlərarası əlaqələrimizin keyfiyyətcə yeni mərhələyə yüksələrək
strateji müttəfiqlik səviyyəsinə çatmasında Azərbaycan Prezidenti
cənab İlham Əliyevlə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev
arasında formalaşmış səmimi dostluq və etimada əsaslanan siyasi
dialoqun mühüm rolunu vurğulayıb. Bildirilib ki, Azərbaycan və
Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq
edir, beynəlxalq platformalarda bir-birinin mövqeyini ardıcıl
şəkildə dəstəkləyirlər.

Söhbətdə parlamentin sədri Özbəkistana səfərlərini, burada
keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, əlaqələrimizin
inkişafında dostluq qruplarının önəmini, deputatların qarşılıqlı
səfərlərinin əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova qonağa Azərbaycan parlamentinin tarixindən, onun
müsəlman Şərqində tutduğu mühüm mövqeyindən və keçdiyi yoldan söz
açıb, ölkəmizin suverenliyini bərpa etdikdən sonrakı dövrdə
qarşılaşdığı mürəkkəb siyasi çağırışlar və dövlətçiliyinə yönəlmiş
təhdidlər barədə məlumat verib. Bildirilib ki, Ulu Öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı
Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, dövlətçiliyin
möhkəmləndirilməsi və sabit inkişaf yoluna qədəm qoyması baxımından
mühüm tarixi əhəmiyyət daşıyıb.

Qonağa hazırkı çağırış Milli Məclisin fəaliyyətinin prioritet
istiqamətlərindən, parlament diplomatiyası, qanunvericilik
sisteminin təkmilləşdirilməsi və qanunun aliliyi prinsipinin
möhkəmləndirilməsi sahəsində görülən işlərdən bəhs olunub. Bu
baxımdan Milli Məclislə Azərbaycan Respublikasının Baş Prokurorluğu
arasında mövcud olan konstruktiv əməkdaşlığın əhəmiyyəti
vurğulanıb.

Özbəkistan Respublikasının baş prokuroru Niqmatilla Yuldoşev
Azərbaycana hər səfərində ölkəmizin dinamik inkişafının şahidi
olduğunu qeyd edərək, əldə olunan uğurları böyük məmnunluqla
izlədiklərini söyləyib. O, Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma
işlərini ölkənin yüksək quruculuq potensialının bariz nümunəsi kimi
dəyərləndirib. Qonaq Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün
bərqərar olunması istiqamətində atdığı addımları və regionda yeni
əməkdaşlıq imkanlarının formalaşmasına verdiyi töhfələri yüksək
qiymətləndirib.

Niqmatilla Yuldoşev Azərbaycan ilə Özbəkistan arasında
parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini qeyd
edərək, bu əməkdaşlığın iki ölkə arasında münasibətlərin mühüm
istiqamətlərindən birini təşkil etdiyini bildirib.

Söhbətdə parlamentlərarası əməkdaşlığın ölkələr arasında
münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib,
Azərbaycan və Özbəkistan parlamentləri arasında formalaşmış
səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə
əminlik ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir