16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli
və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 18 və 19 iyul
tarixlərində Suriya Ərəb Respublikasından 7-si qadın və 9-u uşaq
olmaqla ümumilikdə 16 nəfər Azərbaycan Respublikası vətəndaşının
ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında
məlumat dərc edilib.

Bildirilib ki, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən
edilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan
Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət
qurumlarından ibarət İşçi Qrupun üzvləri Suriyaya ezam edilib,
repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin
olunub.

Daha sonra, Azərbaycan Respublikasının Suriya Ərəb
Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikiləri, o
cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq
əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan
Respublikasına qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri
ilə təmin edilib və ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə
reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulur.

“Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin
ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan
Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin
görülməsi davam etdiriləcək”, – deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir