Avtomobil daşımalarının coğrafiyasında ciddi dəyişiklik və ya problem yoxdur – ABADA

Baş səhifə

Bakı. Trend:

Hazırda avtomobil daşımalarının coğrafiyasında ciddi dəyişiklik
və ya problem yoxdur.

Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan
Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş
katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran üzərindən həyata keçirilən daşımalar
zamanı əsas problemlər daha çox yük sahibləri, ekspeditor
şirkətləri, istehsalçılar, xammal ixracatçıları və məhsul
idxalçıları ilə bağlı olub.

“Bəndər-Abbas limanında yaranan problemlər səbəbindən yük
sahibləri və ekspeditor şirkətləri müəyyən zərərlərlə üzləşə
bilərlər. Eyni zamanda, istehsalçılar, xammal ixracatçıları və
məhsul idxalçıları da çətinlik yaşayırlar. Lakin sırf avtomobil
daşımaları sahəsində ciddi problem müşahidə olunmayıb”, – deyə
K.Qurbanov bildirib.

ABADA baş katibi qeyd edib ki, Azərbaycan daşıyıcılarının
fəaliyyəti əsasən İranın sərhəd bölgələri ilə məhdudlaşır:




“Azərbaycan daşıyıcıları əsasən Biləsuvar və Astara sərhəd-keçid
məntəqələrindən yükləri qəbul edərək tranzit qaydada Rusiyaya
daşıyırlar. İran istiqamətində fəaliyyət göstərən daşıyıcılarımızın
təxminən 80 faizi məhz bu marşrut üzrə işləyir”.

K.Qurbanov vurğulayıb ki, Azərbaycan daşıyıcıları İranın daxili
bölgələrinə və Fars körfəzi istiqamətinə geniş şəkildə fəaliyyət
göstərmirlər.

“Bunun əsas səbəbi İranda tətbiq olunan yüksək vergi və
rüsumlardır. Daşıma iqtisadi baxımdan səmərəli olmadığından, bu
fəaliyyət əsasən İran daşıyıcıları tərəfindən həyata keçirilir”, –
deyə o əlavə edib.

ABADA rəsmisinin sözlərinə görə, avtomobil daşımalarının
coğrafiyasında hazırda ciddi dəyişiklik və ya problem yoxdur.

“Gəmi və dəmir yolu daşımalarını nəzərə almasaq, avtomobil
nəqliyyatı sahəsində mühüm problem yaşanmayıb. Əgər əksini desək,
bu, reallığı əks etdirməz”, – deyə K.Qurbanov bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir