
Bakı.Trend:
Batmış gəmilərin tədqiqi ilə məşğul olan “Air Sea Heritage
Foundation” fondu digər təşkilatlarla əməkdaşlıq çərçivəsində
2026-cı ilin iyun ayında 1952-ci ildə Puerto-Riko sahillərində
qəzaya uğramış “Clipper Endeavor” təyyarəsinin qalıqlarını
aşkarlayıb.
Bu barədə CNN “Discovery Channel”in bəyanatına istinadən məlumat
yayıb.
52 nəfərin həyatına son qoyan aviaqəzadan sonra sərnişinlərə
ekipaj üzvləri tərəfindən fövqəladə vəziyyətlərdə təxliyə və
xilasedici jiletlərdən istifadə qaydalarının əyani şəkildə
göstərilməsi zəruri beynəlxalq aviasiya standardına çevrilib.
1952-ci il aprelin 11-də göyərtəsində 64 sərnişin və 5 ekipaj
üzvü olan təyyarə Puerto-Rikodan Nyu-Yorka yola düşüb. Uçuşdan bir
neçə dəqiqə sonra mühərriklərdən biri sıradan çıxıb və pilot
təyyarəni suya endirmək məcburiyyətində qalıb. Xilasedici sal və
jiletlərin olmasına baxmayaraq, yalnız 17 nəfər sağ qala bilib.
Digər sərnişinlər qarışıqlıq, təhlükəsizlik qaydalarını bilməmələri
və dil baryeri səbəbindən təyyarəni tərk edə bilməyiblər. Təyyarə
üç dəqiqədən az müddətdə suyun altına qərq olub və onun yeri 74 il
ərzində naməlum qalıb.
2026-cı ilin iyununda tədqiqatçılar avtonom sualtı dronun köməyi
ilə təyyarənin qalıqlarını Puerto-Rikonun şimal sahilləri
yaxınlığında, təxminən 610 metr dərinlikdə aşkar ediblər.

