
Bakı.Trend:
Nyu-York meri Zöhran Mamdani şəhər rəhbərliyinin Beynəlxalq
Cinayət Məhkəməsinin (BCM) orderi əsasında İsrailin Baş naziri
Binyamin Netanyahunu həbs etmək üçün hüquqi səlahiyyətlərə malik
olmadığını bildirib.
Bu barədə o, “X” sosial şəbəkə hesabında etdiyi videomüraciətdə
deyib.
“Tamamilə aydındır ki, bu orderi icra etmək üçün bizim müstəqil
hüquqi səlahiyyətlərimiz yoxdur. Bununla belə, federal hökumət belə
səlahiyyətlərə malikdir və mən onu BCM-yə qoşulmağa və bu orderi
icra etməyə çağırıram”, – deyə Mamdani bildirib.
Beləliklə, mer faktiki olaraq sentyabr ayında keçiriləcək BMT
Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün
Netanyahu Nyu-Yorka gələcəyi təqdirdə onun həbs olunması imkanının
araşdırılması ilə bağlı daha əvvəl səsləndirdiyi təşəbbüsdən geri
çəkilib.
Mamdani daha əvvəl bildirmişdi ki, şəhərin hüquq departamenti
BCM-nin orderinin icrası üçün mümkün hüquqi mexanizmləri təhlil
edir. Lakin ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Binyamin
Netanyahu ABŞ-yə səfərləri zamanı heç kim tərəfindən saxlanıla
bilməz.

