
Bakı.Trend:
Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA)
aviaşirkətlərə İordaniyanın hava məkanında uçuşlar həyata
keçirməməyi tövsiyə edib. Buna səbəb kimi krallığın getdikcə daha
çox İranın raket və pilotsuz uçuş aparatlarının hədəfinə çevrilməsi
göstərilir.
“2026-cı il iyulun ortalarından etibarən təhlükəsizliklə bağlı
vəziyyət sürətli şəkildə pisləşib və İordaniyanın hava məkanına
təsir göstərən hərbi əməliyyatların intensivliyi davamlı şəkildə
artıb”, – deyə EASA-nın bəyanatında deyilir.
EASA artıq aviaşirkətlərə Bəhreyn, Küveyt, Qətər, Birləşmiş Ərəb
Əmirlikləri, İran, İraq və Livanın hava məkanından da istifadə
etməməyi tövsiyə edir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb.

