
Bakı. Trend:
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət
Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili üzrə tələbə
qəbulu və yeni yaradılan ixtisaslarla bağlı keçirilən brifinqdə
deyib.
Onun sözlərinə görə, qəbul prosesinin ilk mərhələsində
abituriyentlər iyulun 23-dən avqustun 10-dək portal.edu.az
platformasında şəxsi kabinet yaradaraq qeydiyyatdan keçəcəklər.
İlqar Bayramlı qeyd edib ki, abituriyentlər 5-dək ixtisas seçimi
edə biləcəklər.
“Qəbulun nəticələri avqustun 14-15-də şəxsi kabinet və SMS
vasitəsilə elan olunacaq. Qəbul olunan şəxslərin peşə təhsili
müəssisələrində qeydiyyatı isə avqustun 16-25-də aparılacaq. Bu
mərhələdə tələbələr müvafiq təhsil müəssisələrinə sənədlərini
təqdim etməlidirlər”, – deyə o bildirib.
İlqar Bayramlı, həmçinin bu il peşə təhsilinə cəlb olunanların
sayı açıqlayıb. O qeyd edib ki, cari tədris ili üzrə peşə təhsilinə
28 140 tələbənin qəbul olunması hədəflənir.
Onun sözlərinə görə, dövlət sifarişi genişləndirilir və
əlçatanlıq artır:
“Qəbul planının 74%-ni (24 425 yer) dövlət sifarişli yerlər
təşkil edir. Dövlət sifarişli plan yerlərinin sayı son 4 ildə 52%
artıb.
Bu ildən əmək bazarının ehtiyaclarına uyğun 5 yeni ixtisas
tədris olunacaq: geodeziya və kartoqrafiya, satınalmaların təşkili,
qida emalı texnologiyaları, istixana operatoru və çörək ustası.
Eyni zamanda, qadınların peşə təhsilində iştirakı 2025-ci ildə
40 faizə yüksəlib. 2026-cı ildə 500-dək müəllimin ixtisasartırma və
beynəlxalq təlimlərə cəlb edilməsi nəzərdə tutulur. İşğaldan azad
edilmiş ərazilərdə Dövlət Proqramı çərçivəsində 21 ixtisas üzrə 532
şəxsə təlim keçirilməsi nəzərdə tutulub”.

