
Bakı. Trend:
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi
səfəri iki ölkə arasında münasibətlərin inkişafında keyfiyyətcə
yeni mərhələnin əsasını qoydu. Belə ki, səfər çərçivəsində
Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının
Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya
Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün
strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Həmçinin
Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə
dair Birgə Bəyannamə imzalanıb. Bu isə münasibətlərin yalnız siyasi
müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat və investisiya
istiqamətlərində də institusional əsaslar üzərində inkişaf
etdiriləcəyini nümayiş etdirdi. Almaniya Avropa İttifaqının aparıcı
siyasi və iqtisadi gücü olmaqla yanaşı, Avropanın təhlükəsizlik, və
xarici siyasət gündəliyinin formalaşmasında mühüm rol oynayır. Bu
baxımdan Azərbaycan ilə strateji dialoqun başlanması Cənubi Qafqaz
regionunda əməkdaşlıq imkanlarının genişlənməsi üçün yeni
perspektivlər yaradır. Prezident İlham Əliyev mətbuata bəyanatında
vurğuladı ki, biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq
və buna nail olmuşuq. İkitərəfli gündəliyimiz kifayət qədər
genişdir. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi
Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri
təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə
əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.
Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslaşdırılmış
xarici siyasət ölkənin həm Avropa İttifaqı, həm də digər beynəlxalq
tərəfdaşlarla etibarlı əməkdaşlıq modelini formalaşdırmasını təmin
edir. Almaniya ilə münasibətlərin strateji səviyyəyə yüksəlməsi
Azərbaycanın Avropadakı siyasi mövqelərinin daha da möhkəmlənməsini
təmin edəcək. İmzalanmış Birgə Bəyannamə gələcək illərdə siyasi
məsləhətləşmələrin, hökumətlərarası əməkdaşlığın və institusional
əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi üçün hüquqi,
siyasi baza yaradır.
Azərbaycan-Almaniya iqtisadi əlaqələri artıq uzun illərdir
inkişaf edir. Hazırda 200-dən artıq Almaniya şirkətinin
Azərbaycanda fəaliyyət göstərməsi iki ölkə arasında uğurlu biznes
mühitinin formalaşdığını göstərir. Prezident İlham Əliyevin
mətbuata bəyanatında qeyd etdi kimi, qarşılıqlı sərmayə qoyuluşu
məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş
çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli
sürülmüşdür. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti
çərçivəsində sənaye, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı,
nəqliyyat-logistika və yaşıl enerji kimi sahələr Almaniya
şirkətləri üçün geniş imkanlar açır. Almaniyanın qabaqcıl
texnologiyaları və sənaye təcrübəsi Azərbaycanın qeyri-neft
sektorunun inkişafına mühüm töhfə verə bilər.
Səfərin ən mühüm nəticələrindən biri enerji əməkdaşlığının yeni
istiqamətlərinin müəyyənləşdirilməsi oldu. Prezident İlham Əliyev
vurğuladı ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını
Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə, bizim qazımız bu
gün Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır və şübhəsiz, bu,
enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki,
Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl
enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir, enerji
sahəsində əməkdaşlıq çox genişmiqyaslı olacaqdır.
Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun
davamlı şəkildə artdığını göstərir. Son illərdə enerji mənbələrinin
şaxələndirilməsi Avropa üçün strateji prioritetə çevrilib və
Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir. Bununla
yanaşı, Azərbaycan yalnız ənənəvi enerji resurslarının deyil, həm
də yaşıl enerjinin ixracını prioritet istiqamət kimi müəyyən edib.
Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik
stansiyalarına yatırılan sərmayələr və yaşıl enerji dəhlizləri
gələcəkdə Almaniya ilə enerji əməkdaşlığını daha da genişləndirə
bilər.
Azərbaycan-Almaniya münasibətlərinin inkişafı yalnız ikitərəfli
əməkdaşlıq çərçivəsində qiymətləndirilmir. Bu əməkdaşlıq, həmçinin
Avropa İttifaqı ilə Cənubi Qafqaz arasında siyasi dialoqun,
iqtisadi inteqrasiyanın və enerji təhlükəsizliyinin möhkəmlənməsinə
xidmət edir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri,
keçirilən görüşlər artıq Azərbaycan-Almaniya münasibətlərinin
strateji xarakter aldığını təsdiq edir. İmzalanmış sənədlər siyasi
dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın
genişləndirilməsi, qarşılıqlı investisiyaların artırılması, enerji
təhlükəsizliyinin möhkəmləndirilməsi və nəqliyyat-logistika
sahəsində birgə fəaliyyət üçün yeni imkanlar açır.
Səlim Rəhimzadə,
“Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi

