
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd.”
şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə “PowerChina” şirkətlər
qrupu arasında bərpa olunan enerji sahəsində uğurla inkişaf edən
əməkdaşlıqdan məmnunluq ifadə olunub. Şirkətin Azərbaycanda həyata
keçirilən yaşıl enerji layihələrində fəal iştirak etdiyi qeyd
edilib. Bildirilib ki, “PowerChina”nın törəmə şirkəti “Huadong
Engineering Co., Ltd.” 240 MVt gücündə “Xızı-Abşeron” Külək
Elektrik Stansiyası layihəsinin baş podratçısı olub, hazırda isə
“Masdar”ın 200 MVt gücündə “Abşeron” Külək Elektrik Stansiyası
layihəsinin baş podratçısı qismində fəaliyyət göstərir.
Görüşdə “PowerChina Resources Ltd.” şirkəti ilə 160 MVt gücündə
günəş elektrik stansiyası layihəsi, eləcə də Xəzər dənizinin
Azərbaycan sektorunda külək enerjisi layihəsi ilə bağlı fikir
mübadiləsi aparılıb. 160 MVt gücündə günəş elektrik stansiyası
layihəsi üzrə görülmüş işlər nəzərdən keçirilib. “PowerChina
Resources Ltd.” tərəfindən həyata keçirilən layihələrin Energetika
Nazirliyinin prioritet layihələri sırasında yer aldığı vurğulanıb.
Söhbət zamanı bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə
təhlükəsiz inteqrasiyası, elektrik enerjisinin ötürmə
infrastrukturunun inkişafı və enerji saxlama sistemlərinin (BESS)
tətbiqi perspektivlərinə toxunulub. Bildirilib ki, yeni generasiya
güclərinin sistemə inteqrasiyası elektrik şəbəkəsinin inkişafı üzrə
aparılan texniki-iqtisadi əsaslandırmanın nəticələri nəzərə
alınmaqla həyata keçiriləcək. Bu çərçivədə layihələrin icrası
zamanı enerji sisteminin dayanıqlılığının təmin edilməsi əsas
prioritetlərdən biri kimi qiymətləndirilib.
Yekunda layihələrin uğurla həyata keçirilməsi istiqamətində
əməkdaşlığın davam etdirilməsi və texniki səviyyədə
məsləhətləşmələrin intensivləşdirilməsi barədə razılıq əldə
olunub.

