
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 163,781
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 9,566 milyon ABŞ
dolları olub.
Gürcüstana elektrik enerjisi ixracı 2025-ci ilin eyni
aylarındakı göstərici ilə müqayisədə həcm ifadəsində 287,1 milyon
min kVt/saat və ya 2,7 dəfə, dəyər ifadəsi ilə isə 16,1 milyon ABŞ
dolları, yaxud 2,7 dəfə azalıb.
Eyni zamanda, 2026-cı ilin ilk beş ayında Azərbaycan
Gürcüstandan 1,854 milyon ABŞ dolları dəyərində, 28,527 milyon
kVt/saat həcmində elektrik enerjisi idxal edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 1,386 milyon ABŞ dolları və ya 4 dəfə, həcm ifadəsində
isə 21,3 milyon kVt/saat və ya 3,9 dəfə çoxdur.
2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ümumilikdə üç
ölkəyə – Rusiya, Gürcüstan və İran İslam Respublikasına 12,513
milyon ABŞ dolları dəyərində 232,993 milyon kVt/saat elektrik
enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə
Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 24,8 milyon
ABŞ dolları və ya 3 dəfə, həcm baxımından isə 425,1 milyon kVt/saat
və yaxud 2,8 dəfə azalıb.
Bundan başqa, bu ilin ilk beş ayında Azərbaycan sözügedən
ölkələrdən 3,401 milyon ABŞ dolları dəyərində 71,059 milyon
kVt/saat elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 1,4 milyon ABŞ
dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və
ya 28,9% çoxdur.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında enerji
əməkdaşlığı iki ölkənin iqtisadi münasibətlərinin əsas
istiqamətlərindən biri hesab olunur.
Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə Gürcüstanın
iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini İnqa Pxaladze
də regional enerji əməkdaşlığının strateji əhəmiyyətini
vurğulayıb.
“Belə əməkdaşlıq formatları ölkələrə xarici şokların təsirini
daha effektiv şəkildə aradan qaldırmağa, müstəqil qərar qəbul etmə
qabiliyyətini qorumağa və enerji təhlükəsizliyini möhkəmləndirməyə
imkan verir. Gürcüstan üçün prioritet istiqamət enerji
təhlükəsizliyinin gücləndirilməsidir və bu, təkbaşına təmin oluna
bilməz, o cümlədən Azərbaycan da daxil olmaqla qonşu dövlətlərlə
sıx əməkdaşlıq tələb edir”, – deyə o bildirib.
Pxaladzenin sözlərinə görə, Gürcüstan və Azərbaycan xüsusilə qış
dövründə təbii qaz və elektrik enerjisi təchizatı sahəsində
uzunillik tərəfdaşlardır və Tbilisi Azərbaycan, Rumıniya və digər
Avropa ölkələri ilə Cənubi Qafqazla Avropa arasında enerji
bağlantılarının inkişafına yönəlmiş regional təşəbbüslərdə fəal
iştirak edir.

