
Bakı.Trend:
Avropa Komissiyası Rəqəmsal Bazarlar Aktının (DMA) tələblərini
pozduğuna görə “Google” şirkətini ümumilikdə 890 milyon avro
(təxminən 1 milyard ABŞ dolları) məbləğində cərimələyib.
Avropa Komissiyasının məlumatına görə, 460 milyon avro
məbləğində ilk cərimə “Google”un axtarış nəticələrində öz
xidmətlərinə üstünlük verməsi ilə bağlıdır. Şirkətin onlayn
alış-veriş, hotellər, nəqliyyat və idman sahələrində öz
xidmətlərini rəqiblərindən yuxarı sıralarda göstərdiyi müəyyən
edilib.
430 milyon avro məbləğində ikinci cərimə isə “Google Play”
tətbiq mağazası ilə əlaqədardır. Tənzimləyici qurum müəyyən edib
ki, şirkət tətbiq tərtibatçılarının istifadəçiləri platformadan
kənarda rəqəmsal məhsul və xidmətlərin alınmasının alternativ
üsulları barədə məlumatlandırmaq imkanlarını məhdudlaşdırıb.
Avropa Komissiyası “Google”a aşkar edilmiş pozuntuları 60 gün
ərzində aradan qaldırmağı tapşırıb. Əks təqdirdə, şirkət qlobal
illik dövriyyəsinin 5 faizinədək həcmində əlavə cərimələrlə üzləşə
bilər.
Bundan əvvəl Avropa İttifaqı Məhkəməsi “Google”un bazarda
dominant mövqeyindən sui-istifadə etməsinə görə tətbiq edilmiş 4,1
milyard avro məbləğində cəriməni qüvvədə saxlamışdı.

