Azərbaycan nefti 8%-dən çox bahalaşıb

Baş səhifə

Bakı. Trend:

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan
neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə
8,54 ABŞ dolları və ya 8,49 faiz artaraq bir barel üçün 109,10 ABŞ
dolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı
neftin FOB bazasında bir barelinin qiyməti 8,49 dollar və ya 8,78
faiz bahalaşaraq 105,18 dollar olub.

“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 7,96 dollar və ya 12,65 faiz artaraq bir barel üçün
70,90 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin
qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 10,75 dollar və ya
11,42 faiz artaraq bir barel üçün 104,92 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta
qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.




“Trading Exonomics”in məlumatına əsasən, xam neftin qiyməti cümə
günü bir barel üçün 92 dollardan yuxarı ticarət olunub və Yaxın
Şərqdə gərginliyin artması qlobal neft tədarükünün daha da pozula
biləcəyi ilə bağlı narahatlıqları gücləndirdiyi üçün həftə ərzində
12%-dən çox bahalaşmağa doğru irəliləyib.

“ABŞ İrana qarşı ardıcıl 13-cü gündür zərbələr endirir. Həm
Vaşinqton, həm də Tehran yaxın vaxtlarda danışıqların mümkün
olmadığını bəyan edib.

ABŞ Prezidenti Donald Tramp Qırmızı dənizdə gəmiçiliyə qarşı
növbəti hücumlar olacağı təqdirdə İran və husiləri “böyük hərbi
cəza” ilə hədələyib. O, həmçinin İrana qarşı “kütləvi hücum”
variantını nəzərdən keçirdiyini bildirib.

Trampın bu açıqlamaları İranın dəstəklədiyi husi qruplaşmasının
Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə
hücum etməsindən sonra səslənib. Bu marşrut Hörmüz boğazında davam
edən qarşıdurmalar fonunda Səudiyyə neftinin ixracı üçün əsas
alternativ yollardan biri hesab olunur.

Asiyalı alıcılar artıq Səudiyyə neftinin Süveyş kanalı və
Afrikanın cənubundan keçən marşrutla daşınmasını müzakirə etməyə
başlayıblar.

Tədarükə əlavə təzyiq yaradan digər amil isə Xəzər Boru Kəməri
Konsorsiumunun (CPC) tanker hücumlarından sonra Qara dənizdəki
terminalında neft yükləməsini dayandırması olub. Bu, Qazaxıstanın
neft ixracının təxminən 80%-nin pozulmasına səbəb olub”, –
məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir