
Bakı. Trend:
“KOB könüllüləri” proqramına maraq artmaqda davam edir. Cari
ilin I yarısında proqrama 725 gənc müraciət edib.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat
verilib.
Bildirilib ki, KOBİA ölkədə könüllü fəaliyyətinin inkişafına,
gənclərin əmək fəaliyyətinə başlayana qədər praktiki bilik və
bacarıqlarının inkişafına dəstək olmaqda davam edir. Bu məqsədlə
KOBİA-da həyata keçirilən “KOB könüllüləri” proqramına maraq
böyükdür.
2026-cı ilin yanvar-iyun aylarında proqrama qoşulmaq üçün
Agentliyə 725 müraciət daxil olub. Agentliyin könüllü ehtiyacına və
növbəlilik prinsipinə uyğun olaraq artıq 66 gənc KOBİA-da könüllü
proqramına cəlb olunub. Onlar əsasən Agentlikdə, eləcə də Bakı,
Gəncə, Yevlax və Xaçmaz KOB evlərində könüllü fəaliyyətinə cəlb
olunublar. Digər müraciətlər isə il ərzində Agentliyin könüllü
ehtiyacı çərçivəsində dəyərləndiriləcəkdir.
Qeyd edək ki, 2018-ci ildən həyata keçirilən “KOB könüllüləri”
proqramı çərçivəsində gənclər real tapşırıqların və layihələrin
icrasında, tədbirlərin təşkili və sahibkarlara göstərilən xidmət
prosesində iştirak etməklə praktik bacarıqlar əldə edir, ilkin əmək
vərdişlərinə yiyələnirlər. Könüllülük müddətində gənclər müxtəlif
istiqamətlər üzrə praktiki təcrübə qazanmaqla yanaşı, sahibkarlığın
inkişafına yönəlmiş layihələrin və tədbirlərin həyata
keçirilməsində iştirak edir, biznesə dəstək mexanizmləri ilə
yaxından tanış olmaq imkanı əldə edirlər. Bugünədək proqrama 909
nəfər qoşulub. Onlar əsasən Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad
Universiteti, Bakı, Sumqayıt və Mingəçevir dövlət universitetləri,
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi aparıcı ali
təhsil müəssisələrinin tələbə və məzunlarıdır. “KOB könüllüləri”
proqram hər biri 3 ay olmaqla iki mərhələdən ibarətdir. Könüllü
fəaliyyətini uğurla başa vuran iştirakçılara sertifikatlar verilir.
“KOB könüllüləri” Proqramına qoşulmaq istəyən tələbə və magistrlar
(idarəetmə, biznes və menecment ixtisaslarına üstünlük verilir)
https://smb.gov.az/az/volunteer
keçidi vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

