Bakı. Trend:
Xəbər verdiyimiz kimi dövlət məktəbəqədər təhsil layihələrinə
dəstək verəcək. Özəl bağçalar layihə təqdim edərək müsabiqədə
iştirak edə, qalib gəldikləri halda dövlət maliyyələşməsindən
yararlana biləcəklər. Özəl bağçalarda yeni maliyyələşmə modeli üzrə
müsabiqənin keçirilməsi, iştirak, qiymətləndirmə və maliyyələşdirmə
qaydaları müəyyənləşdirilib.
Müsabiqədə iştirak üçün təqdim edilməli sənədlərin
siyahısı müəyyənləşdirilib
Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil sahəsində
valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin
tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə qərarında yer alan
müddəalara görə, müsabiqəyə təqdim edilən layihələrdə layihənin adı
və məqsədi, cəlb olunacaq təhsilalanların sayı, layihənin
əhəmiyyəti, özəl tərəfdaşların imkanları, təhsil müəssisəsinin
tutumu və valideynlərin iştirak payı, o cümlədən hər bir təhsilalan
üçün aylıq ödəniləcək təhsil haqqı göstərilməlidir.
Layihələrdə insan resurslarından, maddi-texniki bazadan,
infrastrukturdan, təhsil proqramlarından və digər resurslardan
istifadə ilə bağlı tələblər də nəzərə alınmalıdır. Müsabiqənin
keçirilmə qaydası, layihələrin qiymətləndirilməsi və qalibin
müəyyənləşdirilməsi meyarları da əvvəlcədən açıqlanır.
Müsabiqə başlandıqdan sonra şərtlər toplusunda dəyişiklik
edilərsə, müsabiqənin müddəti uzadıla bilər. Lakin uzadılan müddət
müsabiqənin ilkin müddətindən çox ola bilməz. Dəyişikliklər barədə
iştirakçılara ən geci 2 iş günü ərzində məlumat verilir.
Müsabiqə ilə bağlı elan mediada və Elm və Təhsil Nazirliyinin
rəsmi internet saytında yerləşdirilir. Elanlarda iştirakçılara dair
tələblər, təqdim edilməli sənədlər, müsabiqə şərtlərinin əldə
olunması qaydası, müraciətin başlanma və bitmə tarixləri, eləcə də
əlaqə vasitələri göstərilir.
Müraciət
etmək istəyən iddiaçılar elan edilən müddətdə “Elektron Hökumət
İnformasiya Sistemi”ndə qeydiyyatdan keçməli və elektron kabinet
yaratmalıdırlar. Daha sonra elektron ərizə doldurularaq
təsdiqlənməlidir.
Ərizəyə hüquqi şəxsin nizamnaməsi və dövlət reyestrindən
çıxarış, məktəbəqədər təhsil fəaliyyəti üzrə lisenziya, bu sahədə
layihələrin həyata keçirilməsi təcrübəsi barədə məlumat, vergi və
digər icbari ödənişlər üzrə vaxtı keçmiş borcun olmaması və riskli
vergi ödəyicisi statusunda olmaması barədə arayış əlavə
edilməlidir. Ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim
edilirsə, onu təmsil etmək hüququnu təsdiq edən sənəd də təqdim
olunmalıdır.
Layihələrin qiymətləndirilməsi 30 gün ərzində həyata
keçiriləcək
Sənədlər tam olmadıqda və ya uyğunsuzluq aşkarlandıqda,
iddiaçıya bu barədə elektron kabinet vasitəsilə məlumat veriləcək.
İddiaçı 3 iş günü ərzində çatışmazlıqları aradan qaldıraraq ərizəni
yenidən təsdiqləməlidir. Sənədlərin tamlığı təmin edilmədikdə
ərizəyə baxılmaması barədə qərar qəbul ediləcək.
Sənədlərin tamlığı yoxlanıldıqdan sonra layihələr 30 gün ərzində
qiymətləndiriləcək. Müsabiqə şərtlərinə uyğun olmayan layihələrə
baxılmayacaq. Tələblərə cavab verən layihələr isə müəyyən edilmiş
meyarlar və həmin meyarların xüsusi çəkisi nəzərə alınmaqla balla
qiymətləndiriləcək.
Ən yüksək bal toplayan bağçalar müsabiqənin qalibi elan
olunacaq
Ən yüksək bal toplayan iddiaçılar dövlət dəstəyinin ümumi
məbləği çərçivəsində müsabiqənin qalibi elan olunacaq. Qaliblər
barədə məlumat Nazirliyin rəsmi internet saytında yerləşdiriləcək,
eyni zamanda qaliblərə nəticə barədə 5 iş günü ərzində məlumat
veriləcək.
Valideynlər də layihələrdə tərəfdaş kimi iştirak edəcəklər.
Qalib layihələr barədə məlumatlarla tanış olduqdan və aylıq iştirak
payı ilə razılaşdıqdan sonra valideynlər elektron kabinet
vasitəsilə uşaqlarını dövlət dəstəyindən yararlanmaq üçün
qeydiyyatdan keçirə biləcəklər.
Qeydiyyat zamanı müəyyən kateqoriyalara aid uşaqlara üstünlük
veriləcək. Daha sonra qeydiyyat növbəlilik prinsipi əsasında
aparılacaq. Qeydiyyatı təsdiqlənən valideynlər avtomatik olaraq
layihənin iştirakçısı və tərəfdaşı hesab olunacaqlar.
Layihələrin maliyyələşdirilməsi maliyyələşdirmə və xidmət
müqavilələri əsasında həyata keçiriləcək. Maliyyələşmənin məbləği
göstərilən xidmətlərdən yararlanan uşaqların sayından və onların
neçə ay təhsil almasından asılı olacaq.
Əgər
layihədə nəzərdə tutulan sayda uşaq cəlb edilməzsə və ya müsabiqə
qalibi maliyyələşdirmə müqaviləsi bağlamaqdan imtina edərsə,
növbəti ən yüksək bal toplamış iddiaçı qalib elan oluna bilər. Bu
halda həmin iddiaçıya uşaqların cəlb edilməsi üçün 30 təqvim günü
vaxt veriləcək.
Elm və Təhsil Nazirliyi maliyyələşdirmə müqavilələrinin icrasına
nəzarət edəcək. Nazirlik layihə qaliblərindən rüblük, yarımillik,
illik və ya yekun hesabatlar tələb edə bilər. Qaliblər müqavilənin
icrası başa çatdıqdan sonra 15 iş günü ərzində tələb olunan hesabat
və sənədləri Nazirliyə təqdim etməlidirlər.
Qeyd edək ki, ötən gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin direktor müavini Vəfa Yaqublu sosial şəbəkədəki canlı
yayımda özəl bağçalara müraciət edib. O müraciətində özəl bağçaları
lisenziya alıb layihədə iştiraka çağırıb.
Xatırladaq ki, yeni maliyyələşmə modeli üzrə Bakı şəhərində
dövlət dəstəyinin məbləği aylıq 350 manatı, regionlarda isə 250
manatı keçməyəcək

