
Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da ölkə
ərazisində gözlənilən isti hava ilə əlaqədar hərəkət
iştirakçılarına müraciət edib.
BDYPİ-dən bildirilib ki, yüksək temperatur sürücülərdə diqqətin
azalmasına, tez yorulmaya, reaksiya müddətinin uzanmasına, eləcə də
səhhətdə qəfil narahatlıqların yaranmasına səbəb ola bilər. Bu
amillər isə yol-nəqliyyat hadisələrinin başvermə riskini
artırır.
İdarə xüsusilə yaşlı sürücülərə, ürək-damar, arterial təzyiq,
şəkərli diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən
şəxslərə günün ən isti saatlarında zərurət olmadıqda səfərə
çıxmamağı tövsiyə edib.
Digər sürücülərə isə nəqliyyat vasitələrinin texniki sazlığını,
xüsusilə soyutma və əyləc sistemlərini, təkərlərin və kondisionerin
vəziyyətini əvvəlcədən yoxlamaq, uzunmüddətli səfərlər zamanı
mütəmadi fasilələr vermək, halsızlıq, başgicəllənmə, yuxululuq və
ya digər narahatlıq hiss etdikdə hərəkəti dayandırmaq, sürət
həddinə riayət etmək və riskli manevrlərdən çəkinmək tövsiyə
olunub.
BDYPİ həmçinin azyaşlı uşaqların avtomobildə nəzarətsiz
saxlanılmamasını, günəş altında qalmış nəqliyyat vasitəsinin isə
hərəkətə başlamazdan əvvəl havalandırılmasını vacib hesab edib.
Qurum sürücüləri hava şəraitini nəzərə almağa, səfərlərini imkan
daxilində günün nisbətən sərin saatlarına planlaşdırmağa, yol
hərəkəti qaydalarına ciddi riayət etməyə və özlərinin, eləcə də
digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına
qoyacaq davranışlardan çəkinməyə çağırıb.

