
Bakı.Trend:
İspaniyada fövqəladə vəziyyətin elan edildiyi Madrid muxtar
icması və Avila əyalətində meşə yanğınları ilə əlaqədar 40 mindən
çox insan təxliyə olunub.
Bu barədə İspaniyanın “El Mundo” qəzeti yazır.
Qəzetin məlumatına görə, bundan başqa təxminən 20 min nəfərə
evlərini tərk etməmələri barədə xəbərdarlıq edilib. Bir sıra
avtomobil yollarında hərəkət dayandırılıb. Ümumi sahəsinin təxminən
20 min hektar olduğu ehtimal edilən yanğınlar hələ də
lokallaşdırılmayıb.
İspaniya hökumətinin Madriddəki nümayəndəliyindən bildirilib ki,
gecə saatlarında regionda yanğınların intensivliyi əhəmiyyətli
dərəcədə azalıb. Buna hava şəraitinin dəyişməsi, xüsusilə rütubətin
artması və temperaturun aşağı düşməsi kömək edib. Bununla belə,
yerli vaxtla saat 10:00-dan sonra küləyin yenidən güclənəcəyi
gözlənilir.

