Neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar proqnozu üstələyib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayında dövlət büdcəsinin neft-qaz sektoru
üzrə daxilolmaları 8 milyard 198,2 milyon manat təşkil edib ki, bu
da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz
çoxdur.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları ötən ilin
eyni dövründəki göstərici ilə müqayisədə 1,328 milyard manat və ya
13,9% azdır.

2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində
neft-qaz sektoru üzrə daxilolmaların 21,7 faizi və ya 1 milyard
778,2 milyon manatı (ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% az)
vergi orqanlarının xətti ilə daxilolmaların, 78,3 faizi və ya 6
milyard 420,0 milyon manatı (ötən ilin eyni dövrü ilə müqayisədə
11,3% az) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət
büdcəsinə transfertin payına düşür.

Qeyd edək ki, 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin
gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri 16 milyard 775,5
milyon manat olub, 2 milyard 403,7 milyon manat məbləğində dövlət
büdcəsinin artıqlığı (profisit) yaranıb.




2026-cı ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18
milyard 828,9 milyon manat proqnoza qarşı 19 milyard 179,2 milyon
manat və yaxud 350,3 milyon manat (1,9 faiz) çox icra edilib. Bu,
cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin
49,7 faizinə bərabərdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət
büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri
2,8 faiz çox icra edilməklə 12 milyard 759,2 milyon manat təşkil
edib.

Dövlət büdcəsinin gəlirlərinin 8 milyard 842,7 milyon manatı və
ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6
milyard 420,0 milyon manatı və ya 33,5 faizi Azərbaycan
Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin,
3 milyard 143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının
xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi
dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli
xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi
dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394,0 milyon
manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.

2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri
təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 217,7
milyon manat və ya 2,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən
daxilolmalar üzrə 5,5 milyon manat və ya 24,2 faiz, sair
daxilolmalardan 246,2 milyon manat və ya 2,7 dəfə çox, gömrük
orqanlarının xətti ilə 10,4 milyon manat və ya 0,3 faiz, dövlət
büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən
daxilolmalar üzrə 108,7 milyon manat və ya 23,7 faiz az, Azərbaycan
Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert
üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.

Cari ilin altı ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 139,0
milyon manat və ya 1,6 faiz, gömrük orqanlarının xətti ilə
daxilolmalar üzrə 52,5 milyon manat və ya 1,7 faiz, dövlət
əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 6,3 milyon manat
və ya 28,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların
ödənişli xidmətlərindən daxilolmalar üzrə 38,6 milyon manat və ya
12,4 faiz çox vəsait daxil olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir