
Bakı. Trend:
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən
doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə yaşayış
binasında yanğın baş verməsi barədə məlumat daxil olduqdan sonra
dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt
Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində binanın
elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə
imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN
əməkdaşları tərəfindən təxliyə olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam
edir.
Faktla bağlı əlavə məlumat veriləcəyi bildirilib.

