Yayda uşağın iştahasının azalması hansı hallarda təhlükəlidir?

Baş səhifə

Bakı. Trend:

Yay aylarında valideynlərin uşaqlarla bağlı ən böyük
narahatlıqlarından biri iştahasızlıq problemidir. Bir çox valideyn
isti havalarda uşağının əvvəlki qədər yemək yemədiyini müşahidə
edir və bunun hansısa xəstəliyin əlaməti ola biləcəyindən narahat
olur. Bəs yay aylarında müşahidə olunan iştahasızlığın səbəbləri
nədir, uşaqlar necə qidalandırılmalıdır və hansı qidalara üstünlük
verilməlidir?

Mövzu ilə bağlı K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun həkimi, Azərbaycan Tibb Universitetinin I Uşaq
xəstəlikləri kafedrasının əməkdaşı həkim-pediatr Nərmin Əzizova
Trend
açıqlamasında bildirib ki, əksər hallarda bu vəziyyət orqanizmin
yüksək temperatur şəraitinə verdiyi normal fizioloji cavab hesab
olunur.

Həkim qeyd edib ki, bununla belə, yay aylarında yaranan hər
iştahasızlığı da yalnız isti hava ilə əlaqələndirmək düzgün deyil.
Onun sözlərinə görə, uşağın yaşına uyğun böyüməsinin dayanması,
çəki itirməsi, maye qəbulundan imtina etməsi və ya iştahasızlığın
digər narahatedici əlamətlərlə müşayiət olunması mütləq pediatr
tərəfindən qiymətləndirilməlidir.

Uşağın iştahası azalanda yeməyə məcbur etmək doğru deyil
– ÜST

Pediatr
bildirib ki, uşağın iştahası azaldıqda valideynlərin ilk reaksiyası
çox vaxt onu daha çox yeməyə məcbur etmək olur. Halbuki Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) bunun əksini tövsiyə edir:

“ÜST uşaqların qidalanmasında responsive feeding (cavabverici
qidalanma) prinsipini əsas yanaşma kimi qəbul edir. Bu yanaşmanın
mahiyyəti valideynin uşağın aclıq və toxluq siqnallarını nəzərə
alması, yeməyi sakit şəkildə təqdim etməsi və uşağı yeməyə
həvəsləndirməsi, lakin heç vaxt məcbur etməməsidir.

ÜST-ün tövsiyəsində qeyd olunur ki, “Uşağı səbirlə yeməyə
həvəsləndirin, lakin onu məcbur etməyin”.

Bu yanaşmanın məqsədi yalnız həmin gün uşağın daha çox yeməsi
deyil, gələcəkdə sağlam qidalanma davranışının
formalaşmasıdır”.

Yay aylarında iştahanın azalması normaldır

Nərmin Əzizova qeyd edib ki, ətraf mühitin temperaturu
yüksəldikcə orqanizm bədən istiliyini tənzimləmək üçün müxtəlif
fizioloji mexanizmləri işə salır. Onun sözlərinə görə, isti hava
şəraitində həzm prosesi zamanı yaranan əlavə istilik yükünü
azaltmaq məqsədilə bəzi insanlarda qida qəbulu təbii olaraq azalır.
Buna görə də yay aylarında iştahanın müəyyən qədər zəifləməsi
normal fizioloji adaptasiya hesab olunur. Eyni zamanda isti hava
şəraitində uşaqlar daha çox tərləyir, daha çox maye qəbul edir,
açıq havada daha uzun müddət fiziki aktiv olurlar və ağır və isti
yeməklərə maraqları azalır.

Bütün bunlar birlikdə gündəlik qəbul olunan qida miqdarının
müvəqqəti azalmasına səbəb ola bilər.

Bu hallarda yay iştahasızlığı normal
sayılır:

Həkim qeyd edib ki, əgər uşaq aktivdirsə, kifayət qədər maye
qəbul edirsə, boy və çəki inkişafı yaşına uyğundursa, ümumi
inkişafı normal davam edirsə və əvvəlki kimi oynayır, yatır və
gündəlik fəaliyyətini davam etdirirsə yay aylarında iştahanın
müəyyən qədər azalması əksər hallarda narahatlıq doğurmur.

“Burada ən vacib göstərici uşağın bir gün və ya bir yemək zamanı
nə qədər yeməsi deyil. Pediatr üçün daha əhəmiyyətli olan uşağın
boy və çəki inkişafının yaşına uyğun davam etməsidir. Əgər uşaq öz
boy və çəki percentilini qoruyursa, gündəlik porsiyaların bir qədər
kiçilməsi əksər hallarda fizioloji hesab olunur.

Araşdırmalar göstərir ki, uşaqların təxminən 20–30%-ində
həyatının müəyyən dövründə seçici yemək davranışı müşahidə olunur.
Bu uşaqların əksəriyyətində böyümə normal davam edir və problem yaş
artdıqca azalır. Buna görə də hər iştahasız uşaqda ciddi xəstəlik
axtarmaq düzgün yanaşma deyil. Bununla yanaşı, iştahasızlığın
davamlı olması, çəki itkisi və ya inkişaf geriliyi ilə müşayiət
olunması mütləq araşdırılmalıdır”, – pediatr əlavə edib.

Pediatrın sözlərinə görə,valideynlərin ən çox yol verdiyi
səhvlərdən biri uşağı daha çox yeməyə məcbur etməyə
çalışmalarıdır:

“Bu dövrdə böyük porsiyalar əvəzinə kiçik porsiyalar təqdim
edilməli, enerji və qida dəyəri yüksək yeməklərə üstünlük
verilməli, zülal, sağlam yağlar, vitamin və minerallarla zəngin
rasion təmin edilməli və uşağın gündəlik maye ehtiyacı
qarşılanmalıdır.

Kiçik porsiyalar uşaqlar tərəfindən daha rahat qəbul edilir və
yemək vaxtının stress mənbəyinə çevrilməsinin qarşısını alır.
Beynəlxalq pediatrik qidalanma tövsiyələrində də vurğulanır ki,
sağlam uşaqlarda məqsəd boşqabı bitirmək deyil, yaşa uyğun balanslı
qidalanmanı davam etdirməkdir”.

Yay aylarında iştahasızlıq dövründə uşağı yeməyə məcbur
etmək, cəzalandırmaq, hədələmək və ya yeməyi mükafat vasitəsinə
çevirmək tövsiyə edilmir

Həkim bildirib ki, valideynlər bəzən narahatlıqdan uşağın
boşqabını mütləq bitirməsini istəyir, hər qaşıqdan sonra israr edir
və ya “bir qaşıq da mənim üçün ye” kimi ifadələrdən istifadə
edirlər. Bu yanaşma qısa müddətdə uşağın bir qədər artıq yeməsinə
səbəb ola bilər, lakin uzunmüddətli perspektivdə əks təsir göstərə
bilər.

İsti havalarda ən uyğun qidalanma prinsipi az və tez-tez
qidalanmadır

“İştahanın zəiflədiyi günlərdə uşağın bir dəfəyə böyük porsiya
yeməsini gözləmək əvəzinə, daha kiçik həcmdə, lakin qida dəyəri
yüksək yeməklər təqdim etmək daha məqsədəuyğundur.

Valideynlərə tövsiyə olunur ki, gün ərzində 3 əsas və 2–3 ara
öyün planlaşdırsınlar. Yeməkləri günün daha sərin saatlarında
təqdim etmək lazımdır. Eyni zamanda səhər yeməyinə xüsusi diqqət
yetirmək, axşam yeməyini çox gecikdirməmək və böyük porsiyalar
əvəzinə kiçik porsiyalar hazırlamaq tövsiyə olunur.




Yay aylarında bu qidalara üstünlük
verilməlidir

Pediatr
qeyd edib ki, yay aylarında məqsəd uşağın daha çox yeməsi deyil,
qəbul etdiyi qidanın qida dəyərinin yüksək olmasıdır. Yay aylarında
əsasən bu qidalara üstünlük verilməlidir:

“Süd və süd məhsulları – Qatıq, ayran və kefir həm yüksək
keyfiyyətli zülal, həm kalsium, həm də maye mənbəyidir. İsti
havalarda bu məhsullar uşaqlar tərəfindən adətən daha rahat qəbul
olunur. Qatığa yaşa uyğun olaraq şaftalı, ərik, banan, giləmeyvə və
ya yulaf əlavə etməklə onun enerji və qida dəyərini artırmaq
mümkündür.

Mövsümi meyvələr – Qarpız, yemiş, şaftalı, ərik, gavalı və digər
mövsümi meyvələr yüksək su tərkibinə malikdir. Onlar maye qəbulunu
artırmağa kömək edir, vitamin və minerallarla zəngindir, və lif
mənbəyidirlər. Lakin meyvə şirəsi əvəzinə bütöv meyvəyə üstünlük
verilməsi tövsiyə olunur. Bütöv meyvə daha çox lif ehtiva edir və
qan şəkərinin daha sabit qalmasına kömək edir.

Zülal mənbələri – Yumurta, toyuq əti, balıq, yağsız ət, pendir
və paxlalılar yay aylarında da uşağın rasionunda mütləq yer
almalıdır. Qidaların sobada, buxarda və qaynadılmış şəkildə
hazırlanması qızardılmış yeməklərlə müqayisədə daha
məqsədəuyğundur.

Taxıllar və tərəvəzlər -Yulaf, bulqur, qarabaşaq, düyü, tam
buğda makaronu və tam taxıllı çörək balanslı qidalanmanın vacib
tərkib hissəsidir. Bunlarla yanaşı, pomidor, xiyar, bibər, kahı və
müxtəlif göyərtilər kimi mövsümi tərəvəzlərin də hər gün uşağın
rasionunda yer alması tövsiyə olunur”.

Pediatr Nərmin Əzizovanın sözlərinə görə, yay aylarında yeməklə
yanaşı normal maye qəbulu da vacibdir:

“İsti hava şəraitində tərləmə nəticəsində uşaqlarda maye itkisi
artır. Xüsusilə körpələr və azyaşlı uşaqlar susuzluq hissini
böyüklər qədər yaxşı ifadə edə bilmədikləri üçün onların gün
ərzində kifayət qədər maye qəbul etməsi xüsusi əhəmiyyət daşıyır.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Amerika Pediatriya Akademiyası
(APA) isti hava şəraitində uşaqlara mütəmadi olaraq su təklif
edilməsini, susama hissinin yaranmasının gözlənilməməsini tövsiyə
edir. Xüsusilə açıq havada oyun oynayan və ya idmanla məşğul olan
uşaqlarda maye qəbulu daha da artırılmalıdır.

Yayda bu qidalardan uzaq durmaq lazımdır

Həkim bildirib ki,yay aylarında qazlı və şəkərli içkilər,
paketlənmiş meyvə şirələri, enerji içkiləri, çips və digər duzlu
qəlyanaltılar, şokolad və müxtəlif şirniyyatlar, peçenye, vafli,
fast-food məhsulları, eləcə də çox yağlı və qızardılmış yeməklərin
qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur. Bu məhsullar uşağın
mədəsini tez doldursa da, orqanizmin ehtiyac duyduğu vitamin,
mineral və digər faydalı qida maddələri ilə zəngin deyillər. Bundan
əlavə, yeməkdən əvvəl qəbul edildikdə əsas yeməyə olan iştahası da
azalda bilərlər.

“Bir pediatr olaraq qeyd etmək istərdim ki, bu tövsiyələr yalnız
yay aylarına aid deyil. Sadalanan məhsulların qəbulu uşaqların
sağlam qidalanması üçün ilin bütün fəsillərində mümkün qədər
məhdudlaşdırılmalıdır. Onların əvəzinə təbii və qida dəyəri yüksək
məhsullara üstünlük verilməsi uşağın sağlam böyümə və inkişafı üçün
daha faydalıdır”.

Yay aylarında qida zəhərlənmələri və bağırsaq
infeksiyaları riski artır

Həkim qeyd edib ki, yayda qida təhlükəsizliyi xüsusilə vacibdir.
Onun sözlərinə görə, yüksək temperatur bakteriyaların qidalarda
daha sürətlə çoxalmasına şərait yaradır. Buna görə də yay aylarında
qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyalarının riski
artır:

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada
600 milyona yaxın insan qida mənşəli xəstəliklərə yoluxur, 420 min
nəfər isə bu səbəbdən həyatını itirir. Bu xəstəliklərin yükünün
təxminən 40%-i beş yaşdan kiçik uşaqların payına düşür.

Bu səbəbdən yay aylarında qida təhlükəsizliyi qaydalarına əməl
etmək xüsusilə vacibdir.

Ümumdünya Səhiyyə Təşkilatı təhlükəsiz qidalanma üçün beş əsas
qaydanı tövsiyə edir:

  1. Təmizliyə riayət edin.
  2. Çiy və bişmiş qidaları ayrı saxlayın.
  3. Qidaları tam bişirin.
  4. Qidaları təhlükəsiz temperaturda saxlayın.
  5. Təmiz su və təhlükəsiz xammaldan istifadə edin

Əlavə
olaraq fikrimizcə, valideynlər aşağıdakı məqamlara da diqqət
etməlidirlər:

  • kremli tortlar, şirniyyatlar və mayonezli salatlar otaq
    temperaturunda uzun müddət saxlanılmamalıdır;
  • bişmiş ət, toyuq və balıq soyuducuda saxlanılmalı, mümkün
    olduqda 24 saat ərzində istehlak edilməlidir;
  • süd və süd məhsullarının saxlanması zamanı soyuq zəncir
    qorunmalıdır;
  • dondurulmuş məhsullar alış-veriş zamanı əriməməli, evə
    çatdırıldıqdan dərhal sonra dondurucuya yerləşdirilməlidir;
  • doğranılmış meyvələr, o cümlədən qarpız və yemiş otaq
    temperaturunda uzun müddət saxlanılmamalı, kəsildikdən sonra
    soyuducuda saxlanılmalı və mümkün qədər qısa müddətdə istehlak
    edilməlidir;
  • açıq havada satılan və saxlanma şəraiti məlum olmayan qidalar
    uşaqlara verilməməlidir;
  • meyvə və tərəvəzlər istifadədən əvvəl axar su altında yaxşı
    yuyulmalıdır.

Yay aylarında iştahanın azalmasına görə özbaşına sirop
və vitamin komplekslərindən istifadə etmək olmaz

Həkim vurğulayıb ki, valideynlər bəzən iştahasızlıq zamanı
müxtəlif iştaha açıcı siroplara və ya vitamin komplekslərinə
müraciət edirlər. Lakin sağlam uşaqlarda bu preparatların rutin
istifadəsini dəstəkləyən kifayət qədər elmi sübut yoxdur.

Əgər uşaqda dəmir çatışmazlığı, sink çatışmazlığı və ya digər
qida maddələrinin çatışmazlığı aşkarlanıbsa, həmin vəziyyət həkim
tərəfindən müalicə olunmalıdır. Lakin yalnız yay aylarında
iştahanın azalmasına görə özbaşına preparat istifadəsi tövsiyə
edilmir

Uşaqda iştahasızlıq varsa, bu hallarda həkimə müraciət
edilməlidir

Nərmin Əzizova qeyd edib ki, iştahasızlıq 2–3 həftədən uzun
davam edərsə, uşaq çəki itirərsə və ya boy artımı zəifləyərsə, maye
qəbulundan da imtina edərsə, davamlı qusma və ya ishal olarsa,
yüksək hərarət müşahidə olunarsa, ifadə olunmuş halsızlıq
yaranarsa, qarın ağrısı, udma çətinliyi və ya ağızda yaralar
olarsa, sidik ifrazı azalarsa və yemək zamanı tez-tez boğulma və ya
öskürmə baş verərsə mütləq həkimə müraciət edilməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir