
Bakı.Trend:
İspaniyada meşə yanğınları ümumilikdə 171 mindən çox insanın
həyatına təsir edib.
Bu barədə “Antena 3” telekanalı məlumat yayıb.
Yanğınlarla əlaqədar ölkənin bir sıra bölgələrində təxliyələr
həyata keçirilib və hərəkət məhdudiyyətləri tətbiq olunub. Ən
mürəkkəb vəziyyət Avila, Madrid, Toledo və Kastelyon əyalətlərində
müşahidə olunur. Avilanın Burqohondo rayonunda baş verən yanğın 50
min hektardan çox ərazini məhv edib və İspaniyada indiyədək qeydə
alınmış ən iri meşə yanğınına çevrilib. Kastelyon, Avila, Madrid və
Toledo əyalətlərində yanğınlardan zərər çəkmiş ərazilərin ümumi
sahəsi 85,5 min hektarı ötüb.
Avilada meşə yanğınları səbəbindən təxminən 40 min nəfər təxliyə
edilib, daha 8,7 min sakin isə hələ də təcrid vəziyyətində qalır.
Madrid Muxtar Birliyində təxminən 35 min nəfər evlərini tərk etməyə
məcbur olub, 21 mindən çox sakinin isə hərəkəti məhdudlaşdırılıb.
Kastelyon əyalətinin La-Val-d’Uişo rayonunda baş verən yanğın
nəticəsində təxminən 10 min nəfər təxliyə olunub, daha 35 min sakin
isə məhdudiyyətlərin tətbiq edildiyi zonada qalır.
Yanğınların söndürülməsinə yüzlərlə xilasedici və aviasiya
qüvvələri cəlb olunub. İspaniya hakimiyyəti bəzi ərazilərdə
vəziyyətin yaxşılaşdığını bildirsə də, ümumi vəziyyətin hələ də
mürəkkəb olaraq qaldığını vurğulayır.
İspaniyada baş verən meşə yanğınları Avropanın digər ölkələrini,
o cümlədən Yunanıstan və Portuqaliyanı da əhatə edən anomal
istilərlə əlaqələndirilir.

