
Bakı.Trend:
İyunun 26-dan etibarən Pakistanda yağan leysan yağışları və
onların səbəb olduğu hadisələr nəticəsində azı 109 nəfər həlak
olub, daha 362 nəfər xəsarət alıb.
Bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsi
məlumat yayıb.
Bildirilib ki, ən çox ölüm halı ölkənin şimal-qərbində yerləşən
Xeybər-Paxtunxva əyalətində qeydə alınıb. Burada musson yağışları
nəticəsində 55 nəfər həyatını itirib. Şərqdə yerləşən Pəncab
əyalətində isə təbii fəlakət daha 36 nəfərin ölümünə səbəb
olub.
Leysan yağışları və onların yaratdığı sel təxminən 800 binaya
ziyan vurub, onlardan 200-dən çoxu tamamilə dağılıb.
İyunun sonundan bəri Pakistanda 148 xilasetmə əməliyyatı həyata
keçirilib və nəticədə təxminən 4 min nəfər xilas edilib.

