Universitetlərə ixtisas seçiminin vaxtı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Universitetlərə ixtisas seçiminin avqustun 10-dan sonra
başlaması nəzərdə tutulur.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin
aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin
təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda
keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi
çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünən I və IV ixtisas qrupları üzrə blok
imtahanlarının nəticələri elan olunub. Yaxın üç gün ərzində həmin
nəticələrlə bağlı apellyasiya prosesi yekunlaşacaq. Qabiliyyət
imtahanlarının nəticələri də iki-üç gün ərzində, idman üzrə
qabiliyyətimtahanlarının nəticələri isə ayın 7-də elan
olunacaq:

“Apellyasiya və qabiliyyət imtahanları yekunlaşdıqdan sonra plan
yerləri də avqustun əvvəllərində çap olunaraq “Abituriyent”
jurnalında əksini tapacaq. Vəziyyət ötən illə oxşardır. IV ixtisas
qrupunda müsabiqə vəziyyətinin yüksək olacağı gözlənilir. Burada
əsasən tibb istiqaməti mühüm rol oynayacaq. Əsas müsabiqə 600-dən
yuxarı bal toplayan abituriyentlər arasında olacaq. Daha aşağı bal
toplayan abituriyentlər arasında da müəyyən dəyişikliklərin olacağı
gözlənilir. Universitetlərə ixtisas seçiminin, adətən avqustun
10-dan sonra keçirilməsi nəzərdə tutulur. Bu il də eyni qaydada
olacaq”.




Aparat rəhbəri, həmçinin bildirib ki, sərgidə universitetlərdə
olan təqaüdlər, maddi-texniki baza, təhsil imkanları və digər
məsələlərlə bağlı məlumatlar təqdim ediləcək, abituriyentlərlə
canlı ünsiyyət qurulacaq:

“Sərgidə 3 000-ə yaxın abituriyent qeydiyyatdan keçib. Adətən
iştirakçıların sayı qeydiyyatdan keçənlərin sayından daha çox olur.
Sərgidə iştirak pulsuzdur. Bu sərgi həm abituriyentlər, həm də ali
təhsil müəssisələri üçün ciddi dəstək olacaq”.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək və əsas məqsəd ixtisas
seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin
imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən
olunmasına dəstək göstərməkdir.

Sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl
ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət
İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı
redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az
onlayn sınaq imtahanı portalının stendləri yer alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir