
Bakı.Trend:
Fransanın Jironda və Land departamentlərində meşə yanğınlarının
davam etdiyi ərazilərdə çərşənbə günü havanın keyfiyyəti
göstəriciləri “çox pis”dən “son dərəcə pis” kateqoriyasına yüksəlib
.
Bu barədə Yeni Akvitaniya bölgəsində havanın keyfiyyətinə
nəzarət edən “Atmo Nouvelle-Aquitaine” təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, mövcud ekoloji vəziyyət birbaşa
davam edən meşə yanğınları və onların atmosferdə PM2.5 və PM10
xırda dispers hissəciklərinin konsentrasiyasına təsiri ilə
əlaqədardır. Bu ərazilərdə havanın çirklənməsi həm yanğınlardan
yaranan tüstü, həm də isti və günəşli hava şəraitinin əmələ
gəlməsini sürətləndirdiyi ozonun konsentrasiyasının artması ilə
bağlıdır.
BFMTV telekanalı xəbər verib ki, çərşənbə günü Jironda
departamentində havanın temperaturu 42 dərəcəyədək yüksələ bilər
ki, bu da yanğının söndürülməsini çətinləşdirə bilər.
Qeyd edək ki, Qərbi Avropada, xüsusilə İspaniya və Fransada baş
verən meşə yanğınları bu il rekord miqyaslara çatıb. Avropa
Komissiyası bildirib ki, Aİ-nin Mülki Müdafiə Mexanizmi
çərçivəsində yanğınların söndürülməsi üçün 13 təyyarə, 4
helikopter, həmçinin Avropa İttifaqının müxtəlif ölkələrindən
yüzlərlə yanğınsöndürən səfərbər edilib.

