Azərbaycan Kinematoqrafçılar İttifaqının bir qrup üzvü Baş Prokurorluğa müraciət edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bir qrup üzvü
İttifaqda sədr seçkiləri ilə bağlı yaranmış vəziyyətə dair bəyanat
yayıb.

Bəyanatda mərhum Xalq artisti Rasim Balayevin uzun sürən
xəstəliyi və vəfatından sonra yaranmış vəziyyətdən istifadə
edilərək sədr səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz
olduğu qeyd edilir.

Bildirilib ki, AKİ-nin “İcraçı katibi” vəzifəsini tutan Əli İsa
Cabbarov 26 may 2026-cı il tarixində məhdud sayda üzvlərin iştirakı
ilə keçirilən toplantıda özünün sədr seçildiyini elan edib.

Sonradan Ədliyyə Nazirliyi həmin toplantının qanunvericiliyin və
İttifaqın Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyini,
kvorumun təmin olunmadığını və digər prosedur pozuntularına yol
verildiyini müəyyən edib. Bu səbəbdən sözügedən seçki legitim hesab
edilməyib, qəbul olunan qərarlar hüquqi qüvvəyə minməyib və Əli İsa
Cabbarovun sədr statusu təsdiqlənməyib.




Bəyanatda həmçinin qeyd olunub ki, Hesablama Palatasının AKİ-nin
maliyyə fəaliyyətinə dair araşdırması zamanı dövlət büdcəsindən
ayrılmış vəsaitlərin bir hissəsinin İttifaqın Nizamnaməsinin
tələblərinə zidd olaraq Katiblik və İdarə Heyəti ilə
razılaşdırılmadan xərcləndiyi, ayrılmış vəsaitlərin bir qisminin
təyinatı üzrə istifadə olunmadığı barədə faktlar aşkar edilib.

Sənədə əsasən, 14 iyul 2026-cı ildə AKİ-nin İdarə Heyətinin və
Katibliyinin üzvləri, eləcə də tanınmış kino xadimlərinin iştirakı
ilə keçirilən geniş toplantıda Əli İsa Cabbarovun hərəkətlərinə
hüquqi qiymət verilməsi zəruri hesab olunub və bununla bağlı
Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib.
Müraciətdə qanunvericiliyə uyğun araşdırma aparılması və qanuni
tədbirlərin görülməsi xahiş olunub.

Bildirilib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə
orqanlarında araşdırmalar aparıldığı dövrdə AKİ İdarə Heyətinin
iclasının çağırılması və tələsik yeni sədr seçkisinin tarixinin
müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Onlar hüquqi araşdırmalar
yekunlaşdıqdan və məsələyə hüquqi qiymət verildikdən sonra,
təxminən payız aylarında sədr seçkisi mövzusuna qayıtmağın daha
düzgün olacağını qeyd ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir