Sahibə Qafarova Efiopiya Baş naziri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiya Federativ
Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində iyulun 29-da bu
ölkənin Baş naziri Abiy Əhməd Əli ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Efiopiya arasında dostluq
münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf
perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Baş nazir Abiy Əhməd Əli Azərbaycanın son illərdə beynəlxalq
aləmdə yüksək nüfuz qazandığını qeyd edərək, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurların beynəlxalq
səviyyədə böyük rəğbətlə qarşılandığını bildirib. O, 2026-cı ilin
fevral ayında Azərbaycana rəsmi səfərini və səfər çərçivəsində
Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq,
həmin görüşdə aparılan səmərəli müzakirələrin ölkələrimiz arasında
münasibətlərin inkişafına yeni təkan verdiyini, əldə olunmuş
razılaşmaların əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin
yaratdığını qeyd edib.

Baş nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.

Abiy Əhməd Əli ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu vurğulayaraq, xüsusən
neft-qaz sənayesi sahəsində layihələrin həyata keçirilməsinin
əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətlərdə
mövcud potensialdan səmərəli istifadə olunması hər iki ölkənin
maraqlarına xidmət edir.

Milli Məclisin sədri göstərilən yüksək səviyyəli qonaqpərvərliyə
görə təşəkkürünü bildirərək, səfər çərçivəsində ölkədə müşahidə
etdiyi sürətli inkişafın onda xoş təəssürat yaratdığını bildirib.
O, bu səfərin Azərbaycan ilə Efiopiya arasında əməkdaşlığın yeni
istiqamətlər üzrə genişləndirilməsi üçün əlverişli imkanlar
açdığını qeyd edib.

Görüşdə spiker Sahibə Qafarova ölkəmizin inkişaf yolu haqqında
danışaraq, Ulu Öndər Heydər Əliyevin ölkəmizin dövlətçilik
ənənələrinin möhkəmləndirilməsi və müasir Azərbaycanın inkişaf
strategiyasının formalaşdırılması istiqamətində müstəsna
xidmətlərini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın dinamik inkişaf yolunda inamla irəlilədiyini,
ölkəmizin beynəlxalq mövqeyinin və nüfuzunun davamlı olaraq
möhkəmləndiyini vurğulayıb.

Milli Məclisin sədri Azərbaycan ilə Efiopiya arasında dövlət
başçıları səviyyəsində formalaşmış səmimi münasibətlərin və yüksək
səviyyəli qarşılıqlı təmasların ikitərəfli əməkdaşlığın inkişafında
mühüm rol oynadığını diqqətə çatdırıb.

Spiker Sahibə Qafarova Baş nazirə həmçinin, ölkəmizin işğaldan
azad edilmiş ərazilərində Azərbaycanın öz imkanları hesabına həyata
keçirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri barədə
məlumat verib.

Söhbət zamanı mövcud parlamentlərarası əlaqələrin iki ölkə
arasında münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyi
vurğulanıb. Parlament rəhbərlərinin və deputatların qarşılıqlı
səfərlərinin əhəmiyyəti qeyd olunub, həmçinin beynəlxalq parlament
təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq
məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan ilə Efiopiya arasında siyasi, iqtisadi,
humanitar və parlamentlərarası əməkdaşlığın bundan sonra da uğurla
inkişaf edəcəyinə əminlik ifadə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir