Sağlam qidalanma bahalıdır? – Rəy

Baş səhifə

Bakı. Trend:

BMT-nin hesabatlarında dünyada sağlam qidalanmanın bir çox insan
üçün baha başa gəldiyi qeyd olunur. Bəs sağlam qidalanma həqiqətən
bahadırmı? Sağlam və balanslı qidalanmaq üçün mütləq bahalı
məhsullar seçmək lazımdır? Xüsusilə yay aylarında sağlam qidalanma
necə təşkil edilməli, hansı qidalara üstünlük verilməlidir?

Sağlam qidalanma mütləq bahalı məhsul almaq
deyil

Qida
mühəndisi, sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov mövzu ilə
bağlı Trend
bildirib ki, BMT-nin hesabatlarında qeyd olunduğu kimi, bir çox
ölkədə sağlam qidalanmanın dəyəri insanların gəlirləri ilə
müqayisədə yüksək ola bilər. Lakin bu, sağlam qidalanmanın mütləq
bahalı məhsullar almaq demək olduğu mənasına gəlmir. Onun sözlərinə
görə, əsas məsələ düzgün seçim etmək və qida rasionunu balanslı
qurmaqdır:

“Sağlam qidalanma üçün mütləq bahalı və ya xaricdən gətirilən
məhsullara ehtiyac yoxdur. Mövsümi meyvə və tərəvəzlər, paxlalılar,
yumurta, qatıq, yulaf, qarabaşaq, düyü və digər yerli məhsullar həm
qidalı, həm də nisbətən əlçatan seçimlərdir. Əvəzində hazır
yeməklər, fast-food, qazlı və şəkərli içkilər, müxtəlif
qəlyanaltılar uzunmüddətli perspektivdə həm daha çox xərc yarada,
həm də sağlamlığa mənfi təsir göstərə bilər”.

Fərid Səfərov qeyd edib ki, sağlam qidalanmanın əlçatan olması
üçün qidaların əvvəlcədən planlaşdırılması, israfın qarşısının
alınması və mövsümə uyğun məhsulların seçilməsi də mühüm rol
oynayır:

“Yəni sağlam qidalanma bəzi ölkələrdə iqtisadi baxımdan çətin
olsa da, düzgün planlaşdırma və ağıllı seçimlərlə onu daha əlçatan
etmək mümkündür. Ən vacib məqam bahalı məhsullar deyil, qida
rasionunun balanslı, müxtəlif və təhlükəsiz olmasıdır”.




Yay aylarında sağlam qidalanma üçün bunlara üstünlük
verilməlidir:

Yay aylarında sağlam qidalanmanın əsas prinsipi orqanizmin su,
vitamin və mineral balansını qorumaq, eyni zamanda qida
zəhərlənmələrinin qarşısını almaqdır. İsti havalarda daha çox
mövsümi meyvə və tərəvəzlərə, tam taxıllara, az yağlı süd
məhsullarına və yağsız ət, balıq kimi zülal mənbələrinə üstünlük
verilməlidir. Ağır, yağlı və çox şəkərli qidaların qəbulu isə
mümkün qədər məhdudlaşdırılmalıdır”.

Mütəxəssisin
fikrincə, sağlam qidalanma prinsipində gün ərzində kifayət qədər su
içmək çox vacibdir. O qeyd edib ki, susuzluq hissini gözləmədən
müntəzəm maye qəbul etmək, xüsusilə açıq havada çalışan və ya
fiziki aktivliyi çox olan insanlar üçün böyük əhəmiyyət
daşıyır:

“Şirin qazlı içkilər əvəzinə su, ayran və şəkərsiz bitki çayları
daha sağlam seçimdir.

Yayda qidaların tez xarab olması səbəbindən onların saxlanma
şəraitinə xüsusi diqqət yetirilməlidir. Ət, süd məhsulları, balıq
və mayonezli yeməklər uzun müddət otaq temperaturunda saxlanmamalı,
soyuq zəncir qorunmalıdır. Meyvə və tərəvəzlər isə istifadə
edilməzdən əvvəl yaxşı yuyulmalıdır.

Bundan əlavə, qidalanma rejimi də önəmlidir. Günün ən isti
saatlarında ağır yeməklərdən çəkinmək, daha yüngül və tez həzm
olunan qidalara üstünlük vermək həm həzm sisteminin rahat
işləməsinə, həm də ümumi sağlamlığın qorunmasına kömək edir. Belə
yanaşma yay mövsümünü daha sağlam və təhlükəsiz keçirməyə imkan
verir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir