SOCAR OGT 2026-nın baş tərəfdaşı statusunu təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

SOCAR “Türkmənistan Neft və Qazı” (Oil and Gas of Turkmenistan,
OGT 2026) beynəlxalq konfrans və sərgisinin baş tərəfdaşı (Premier
Partner) statusunu rəsmi şəkildə təsdiqləyib.

Bu barədə SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin (SOCAR
Turkmenistan) “LinkedIn” sosial şəbəkəsində paylaşdığı məlumatda
bildirilib.

Qeyd olunub ki, SOCAR-ın Türkmənistandakı nümayəndəliyi regionun
aparıcı forumlarından biri olan OGT 2026-ya dəstək verməkdən qürur
duyduğunu vurğulayıb. Forum Xəzər regionunda investisiyalar, enerji
tranziti, infrastrukturun optimallaşdırılması və qabaqcıl
texnologiyaların tətbiqi məsələləri üzrə yüksək səviyyəli dialoq
üçün mühüm platforma rolunu oynayır.

Bildirilib ki, SOCAR-ın Aşqabaddakı nümayəndəliyinin fəaliyyəti
Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlığın daha da
möhkəmləndirilməsinə yönəlib.




“Fəal əməkdaşlıq sayəsində biz bütün region üçün fayda verən
etibarlı, səmərəli və dayanıqlı tərəfdaşlığın inkişafına dəstək
verməyə davam edirik”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, “Türkmənistan Neft və Qazı – 2025” beynəlxalq
konfrans və sərgisində SOCAR prezidenti Rövşən Nəcəf bildirmişdi
ki, zəngin təbii ehtiyatlara malik Azərbaycan və Türkmənistan
regional və qlobal enerji keçidinin təşviqində əsas rol oynamağa
çağırılır.

“Yüksək səviyyəli səfərlər və Azərbaycanla Türkmənistan arasında
birgə sazişlərin həyata keçirilməsi dinamik və hərtərəfli
əməkdaşlığın yeni mərhələsini açıb. Ortaq dəyərlər, dövlət
başçılarının baxışı və möhkəm münasibətlər bazası sayəsində iki
ölkə arasında əməkdaşlıq davamlı şəkildə inkişaf edir”, – deyə
şirkət prezidenti bildirib.

O vurğulayıb ki, SOCAR uzun illərdir Türkmənistan şirkətləri,
xüsusilə də “Türkmənqaz” və “Türkmənnebit” dövlət konsernləri ilə
qarşılıqlı faydalı tərəfdaşlığı dəstəkləyir və genişləndirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir