
Bakı. Trend:
Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat
dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəxs
saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən
edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs zərərçəkənin
evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim
edərək evə daxil olub və oğurluq əməlini törədib.
Bundan başqa, Sumqayıt şəhəri və Bakının Yasamal rayonunda 3
nəfərə məxsus ümumilikdə 1030 manat dəyərində 4 velosipedin
oğurlanması faktı üzrə də şübhəli şəxslər saxlanılıb.
Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər
dəfələrlə məhkum olunmuş 54 yaşlı C.Orucov və 41 yaşlı X.Məmmədov
müəyyən edilərək saxlanılıblar.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

