
Qırğızıstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidentini qarşılayıb, fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Daha sonra Azərbaycanın və Qırğızıstanın dövlət himnləri səsləndirilib. Prezident İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb, prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Ardınca Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib, dövlət başçıları rəsmi foto çəkdiriblər.
Həmin gün Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarovla təkbətək görüşü keçirilib.
Bununla yanaşı, İlham Əliyev və Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası da öz işinə başlayıb.

