
Bakı. Trend:
Bu ilin aprel ayının 1-dən bu günədək keçirilməsi planlaşdırılan
34 valyuta hərracından 23-ü baş tutmayıb.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının
(AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu
gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hərracın baş tutmaması həmin hərraclarda
valyutaya tələbin olmaması deməkdir.
“Biz hərracda 70 milyon dollar satışa çıxarmışıq, lakin onu
almaq istəyən olmayıb. Belə vəziyyət 2016–2017-ci illərdən bəri ilk
dəfə müşahidə olunur. Hətta təkcə may ayında ümumiyyətlə heç bir
valyuta hərracı keçirilməyib”, – deyə o qeyd edib.
AMB sədri bildirib ki, bu vəziyyətin əsas səbəblərindən biri
2022-ci ildən fəaliyyət göstərən banklararası valyuta ticarəti
platformasıdır.
“Biz 2022-ci ildən “Bloomberg” platforması üzərində banklararası
valyuta platformasını yaratmışıq. 2024-cü il isə, yəqin ki, həmin
platformada ən yüksək dövriyyənin qeydə alındığı il olub. Banklar
valyutaya olan tələbatlarını artıq öz aralarında qarşılayırlar.
Bəzi banklarda tələb yaranarkən, digər banklarda kifayət qədər
valyuta ehtiyatı olduğu üçün onlar bir-biri ilə əməliyyat
aparırlar. Ona görə də Mərkəzi Bankın valyuta hərraclarına ehtiyac
qalmır. Bu, çox vacib məqamdır”, – deyə Taleh Kazımov əlavə
edib.

