
Bakı. Trend:
Ali təhsil müəssisələrinə 150 balla qəbul mümkün olan
ixtisasların sayı artırılıb.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin
sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qaydalara əsasən, bu balla ödənişli
əsaslarla ayrılmış yerlərin müsabiqəsində iştirak etmək
mümkündür:
“Dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə isə
abituriyentlərin ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi
üzrə balı isə minimum 100 olmalıdır.
I ixtisas qrupu üzrə 150 balla meliorasiya mühəndisliyi,
texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarına
qəbul mümkündür.
Bundan başqa, 2026-cı ildən kompüter mühəndisliyi, informasiya
texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika
mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi,
mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya
mühəndisliyi ixtisasları da bu siyahıya əlavə edilib”.
DİM sədri qeyd edib ki, əvvəlki illərdə olduğu kimi,
aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq,
torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın
kadastrı, həmçinin zoomühəndislik ixtisaslarında həm dövlət
sifarişi, həm də ödənişli əsaslarla 150 ballıq müsabiqədə iştirak
mümkündür:
“II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi,
turizm bələdçiliyi və turizm işinin təşkili ixtisaslarına 150 balla
qəbul mümkündür.
2026-cı ildən etibarən mühasibat, dövlət və bələdiyyə
idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət
və logistika, eləcə də nəqliyyatda servis (nəqliyyat növləri üzrə)
ixtisasları da bu siyahıya daxil edilib.
III ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması,
sosial iş və regionşünaslıq (regionlar üzrə) ixtisaslarında
ödənişli əsaslarla qəbul üçün minimum bal tələbi 150-dir”.
Məleykə Abbaszadə bildirib ki, IV ixtisas qrupu üzrə ekologiya
ixtisasına ödənişli əsaslarla 150 balla qəbul mümkündür:
“Bundan əlavə, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti,
bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisaslarında
həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan
yerlərin müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci
mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə
bilərlər”.

