Azərbaycan dili milli kimliyimizin mənəvi dayaqlarından biridir

Baş səhifə

Bakı. Trend:

Hər bir xalqın kimliyinin ən vacib keyfiyyət
göstəricilərindən biri onun doğma dilidir. Dil ünsiyyət vasitəsi
olmaqla yanaşı, həm də xalqın irsini, təfəkkürünü tarixdən tarixə,
nəsildən nəsilə ötürən milli dəyərdir. Bu mənada dil aid olduğu
xalqın zəngin mənəvi sərvətidir. Ona görə də ana dilinin qorunması
və inkişaf etdirilməsi öz tarixinə, milli-mənəvi dəyərlərinə
hörmətlə yanaşan dövlətlərin milli siyasətinin əsas
prioritetlərindən biri hesab olunur.

Dünyadakı dillər arasında Azərbaycan dilinin özünəməxsus yeri
var. Tarixin dərinliklərindən gələn ana dilimiz ilk növbədə
xalqımızın zəngin keçmişindən xəbər verir. Azərbaycan dilində
əsrlər boyu böyük ədəbi nümunələr yaradılıb. Şifahi xalq
ədəbiyyatımız, dastanlarımız, folklorumuz ana dilimizin ifadə
imkanlarının nə qədər geniş olduğunu sübut edir. Zəngin
milli-mənəvi irsimiz məhz doğma dilimizdə gələcək nəsillərə
ötürülüb. Ana dilimiz həm də tarixən milli həmrəyliyimizin qorunub
saxlanılmasında böyük rol oynayıb, xalqımızın yad təsirlərə məruz
qalmasının qarşısını alıb.

Tarixin müəyyən mərhələlərində dilimiz məhrumiyyətlərə və
təzyiqlərə də məruz qalıb. Çarizm dövründə Azərbaycan dilində
təhsil imkanları məhdud dərəcədə olub. Sovet hakimiyyəti dövründə
isə beynəlmiləlçilik adı altında xalqların doğma dilləri arxa plana
keçirilıb. Bu dövrdə dil məsələlərini gündəmə gətirmək millətçilik
kimi dəyərləndirilə bilərdi. Azərbaycanca təhsil almaq, yaradıcı
fəaliyyətlə məşğul olmaq imkanları olsa da, dil siyasəti tamamilə
ideoloji çərçivələr daxilində həyata keçirilirdi.

Yalnız Ulu Öndər Heydər Əliyevin sovet dövründə Azərbaycana
rəhbərlik etdiyi illərdə milli-mənəvi dəyərlərimizin qorunması ilə
bağlı həyata keçirilən tədbirlər ana dilini də əhatə etdi. Ötən
əsrin 70-ci illərində Azərbaycan dilində qələmə alınan ədəbiyyat
nümunələrinin sayı artdı, dilimizin ümumişlək səviyyəsi daha da
yüksəldi. Xüsusilə qeyd etməliyik ki, 1969-cu ildə Bakı Dövlət
Universitetinin 50 illik yubileyində Heydər Əliyevin Azərbaycan
dilində çıxışı ölkədə böyük əks-səda doğurmuşdu və bu, Ulu Öndərin
öz ana dilinə bağlılığının aydın nümayişi idi. Ulu Öndərin ana
dilinə bağlılığının ən mühüm təzahürlərindən biri də 1978-ci il
aprel ayında qəbul olunan Azərbaycan Konstitusiyasında onun
təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi
idi.

“Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet
hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və
inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni
onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir
dildir” –
deyə Heydər Əliyev bildirib.

Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizə rəhbərliyi
illərində də ana dili məsələlərinə yüksək diqqət və həssaslıqla
yanaşıb. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə
qəbul edilən Konstitusiyada dövlət dili “Azərbaycan dili” kimi
təsbit olunub. Ötən dövr təsdiq edir ki, dövlət dilinin bu cür
təsbit olunması respublikada milli həmrəyliyin təmin olunmasına
böyük töhfələr verib.

Heydər Əliyevin Azərbaycan dili ilə bağlı tarixi qərarlarından
biri də 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” fərmandır. Bu fərman
respublikamızda dil siyasətinin müəyyənləşməsi, formalaşması və
möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyıb. Belə ki,
fərmanda qarşıya qoyulan vəzifələrə uyğun olaraq Milli Məclis
tərəfindən «Azərbaycan Respublikasında dövlət dili haqqında» Qanun
qəbul edilib, orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və
Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş
yaratmaq istiqamətində tədbirlər həyata keçirilib. O cümlədən,
ölkədə ana dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və
digər çap məhsullarının istehsalının 2001-ci il avqustun 1-ə qədər
bütövlükdə latın qrafikasına keçməsi təmin edilib.

Heydər Əliyevin «Azərbaycan əlifbası və Azərbaycan dili gününün
təsis edilməsi haqqında»9 avqust 2001-ci il tarixli Fərmanına
əsasən isə avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan
dili günü kimi qeyd edilir. Bu sənəd bir daha Ulu Öndərin ana
dilimizə olan həssas və yüksək diqqətindən xəbər verir.




Onu da qeyd edək ki, Azərbaycan əlifbası XX əsr boyu bir neçə
dəfə dəyişikliyə məruz qalıb. Bu mənada təqvimdə Azərbaycan
əlifbası və Azərbaycan dili gününün öz əksini tapması bir daha
tariximizə nəzər salmağa, ana dilimizin və əlifbamızın keşməkeşli
inkişaf yolunu xatırlamağa imkan yaradır. Bu tarix bizə xatırladır
ki, Azərbaycan dili və əlifbası xalqımızın milli kimliyinin, mədəni
irsinin və dövlətçilik ənənələrinin ayrılmaz tərkib hissəsidir.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı,
saflığının qorunması və zənginləşdirilməsi istiqamətində müəyyən
etdiyi dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən müasir
dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət
başçısının bu sahədə imzaladığı fərman və sərəncamlar ədəbi dil
normalarının qorunmasına, qloballaşma şəraitində mövqeyinin
möhkəmləndirilməsinə mühüm töhfələr verib. Bu baxımdan Prezident
İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq
edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı”nı xüsusi qeyd etməliyik. Proqramın məqsədi
dilimizin istifadəsinə və tədqiqinə dövlət qayğısının
artırılmasını, qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasını təmin etməkdir.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda
daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra
tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı isə
dilimizin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının 2018-ci il
noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması
və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı
tədbirlər haqqında” Fərmanı da dövlət dilinin daim diqqət
mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan
irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin
müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil
Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Prezident İlham Əliyev ötən ilin noyabrında Azərbaycan Milli
Elmlər Akademiyasının 80 illik yubileyi tədbirində dilimizin
saflığının qorunması ilə bağlı deyib:

“Azərbaycan dilinin saflığının qorunması hər bir
Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər,
dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul
olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də
deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu,
məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz
dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də
oradan-buradan eşidirəm, – həm televiziyalarda, həm yazılı mediada,
həm bəzi insanların çıxışlarında, – buna heç bir gərək yoxdur.
Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda
yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər”.

Qeyd olunanlar bir daha göstərir ki, milli kimliyimizin əsas
milli dayaqlarından olan ana dilimizin qorunması dövlət siyasətinin
mühüm istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən
etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən
siyasət nəticəsində Azərbaycan dili bundan sonra da milli
birliyimizin, müstəqilliyimizin və dövlətçiliyimizin mənəvi
dayaqlarından biri olaraq inkişaf edəcək, saflığını və zənginliyini
daim qoruyacaqdır.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir