
Bakı. Trend:
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə nəticələr açıqlanıb.
İmtahan suallarının səkkizində qiymətləndirməyə təsir edən
uyğunsuzluq müəyyən edilib.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, 14-18 iyul tarixlərində dövlət ümumi təhsil
müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı
mərhələsi keçirilib.
“35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33
mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz
təşkil edib.
İmtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı
daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən
yenidən nəzərdən keçirilib və bəzi suallarda səhvlərin olduğu qeyd
edilib.
Belə ki, biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus
dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan
bölməsində 1, rus bölməsində 3, musiqi fənni üzrə rus bölməsində 1
test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən uyğunsuzluq
müəyyən olunub.
Qeyd edilən səhvlər nəzərə alındıqdan sonra həmin test
tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin
xeyrinə hesablanıb.
Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə
göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə
daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər”, – deyə
məlumatda qeyd edilib.

