
Bakı. Trend:
80 yaşlı solçu Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva
bazar günü oktyabrda keçiriləcək prezident seçkilərində yenidən
seçilmək uğrunda kampaniyasına başlayır.
2023-cü ildə iki prezidentlik müddətindən (2003–2010) sonra
yenidən hakimiyyətə qayıdan Lula Latın Amerikasının ən böyük
iqtisadiyyatının mərkəzi olan San-Pauluda keçiriləcək Fəhlə
Partiyasının qurultayında rəsmi şəkildə prezidentliyə namizəd elan
ediləcək.
Uzun siyasi karyerası ərzində yeddinci dəfə prezidentliyə
namizəd olan keçmiş fəhlə və həmkarlar ittifaqı lideri dördüncü
prezidentlik müddəti uğrunda mübarizədə Flavio Bolsonaro ilə
qarşılaşacaq.
45 yaşlı senator Flavio Bolsonaro 2019–2022-ci illərdə ölkəyə
rəhbərlik etmiş ifrat sağçı sabiq prezident Jair Bolsonaronun
oğludur. Jair Bolsonaro 2022-ci il seçkilərində məğlub olmasına
baxmayaraq hakimiyyətdə qalmağa cəhd göstərdiyinə və dövlət
çevrilişinə cəhd ittihamı ilə hazırda həbsdədir.
Seçki kampaniyası artıq ABŞ Prezidenti Donald Trampın təsiri
altında keçir. Bolsonaro ailəsinin müttəfiqi olan Tramp son vaxtlar
Latın Amerikasında seçkilərdə qalib gələn bir sıra sağçı
namizədləri dəstəkləyib.
“Braziliyada heç kimin dəvət olunmadığı yerə müdaxilə etməsinə
icazə vermirik”, – deyə Lula xəbərdarlıq edib.

