
Bakı. Trend:
Yeni təmayül tədris modeli tətbiq olunan məktəblərdə işləmək
istəyən müəllimlərin müsahibəsi başlayır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, yeni təmayül
tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrinə işə qəbul
üzrə müəllimlərin müsahibəsinə 3 avqustdan etibarən start
verilir.
Məlumata görə, ilkin olaraq, buraxılış fənləri – Azərbaycan dili
və ədəbiyyat, riyaziyyat və xarici dil üzrə fənn müəllimlərinin
müsahibəsi nəzərdə tutulub.
Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş
göndəriləcək. Elektron qəbul mərkəzləşmiş formada həyata keçirilir.
Qeydiyyatdan keçmiş şagirdlərin siyahısı, buraxılış imtahanının
nəticələri və digər zəruri məlumatlar hazırlanaraq məktəblərə
göndərilir. Məktəblər isə valideyn və şagirdləri məktəbə dəvət
edir. Valideynlərin ərizəsi əsasında şagirdlərin məktəbə qəbulu
rəsmiləşdirilir. Məktəblərdə bütün təmayül istiqamətləri üzrə
şagirdlərin qəbulu yekunlaşdıqdan sonra nəticələr açıqlanacaq”, –
BŞTİ-nin məlumatında bildirilib.
Qeyd edək ki, yeni təmayül tədris modeli tətbiq olunan
məktəblərə şagird qəbulu isə 1 sentyabr tarixinədək uzadılıb.
Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin
akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə
hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət
edir. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına
ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris
prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri
bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Məlumata görə, yeni model çərçivəsində tədris prosesi təmayül
istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq,
şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə
bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu
yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və
effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq. Tədris prosesinin
keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə
malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunurlar.
Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və
tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınır.

