
Bakı. Trend:
2026-cı ilin iyun ayında qlobal mayeləşdirilmiş təbii qaz (LNG)
idxalı illik müqayisədə 2,9% və ya 0,99 milyon ton azalaraq 33,36
milyon tona düşüb.
Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) aylıq
hesabatında bildirilir.
Hesabata əsasən, qlobal LNG idxalındakı azalma əsasən Avropada
idxal həcmlərinin aşağı düşməsi ilə bağlı olub. Asiya, eləcə də
Yaxın Şərq və Afrika (MEA) regionunda idxalın artması isə bu
azalmanı qismən kompensasiya edib. GECF qeyd edir ki, bazarda
müşahidə olunan zəifləmə Yaxın Şərqdəki münaqişə fonunda Hörmüz
boğazından LNG daşımalarına tətbiq olunan məhdudiyyətlərin qlobal
təklifə mənfi təsiri ilə əlaqədardır.
Bununla belə, 2026-cı ilin yanvar–iyun aylarında qlobal LNG
idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% və ya 2,39 milyon
ton artaraq 215,64 milyon tona çatıb. Artım əsasən Yaxın Şərq və
Afrika regionunda idxalın yüksəlməsi hesabına təmin olunub.
Qlobal LNG ixracı da iyun ayında illik ifadədə 0,5% və ya 0,17
milyon ton azalaraq 33,58 milyon ton təşkil edib. GECF bunun da
əsas səbəbi kimi Hörmüz boğazında davam edən məhdudiyyətləri
göstərir. Bununla yanaşı, GECF üzvü olmayan ölkələrin ixracındakı
artım təşkilata üzv ölkələrdən ixracın azalmasını və təkrar ixracın
zəifləməsini demək olar ki, tam kompensasiya edib.
İyun ayında ABŞ, Avstraliya və Rusiya dünyanın ən iri LNG
ixracatçıları olub. Nəticədə, GECF-ə üzv olmayan ölkələrin qlobal
LNG təklifində payı ötən ilin iyunundakı 52,9%-dən bu ilin eyni
ayında 67,8%-ə yüksəlib. Eyni dövrdə GECF üzvlərinin bazar payı
32%-ə, təkrar ixracın payı isə cəmi 0,2%-ə enib.
İlin ilk altı ayında qlobal LNG ixracı da müsbət dinamika
nümayiş etdirərək illik müqayisədə 1,3% və ya 2,8 milyon ton
artaraq 214,37 milyon tona çatıb. Bu artım əsasən GECF-ə üzv
olmayan ölkələrdən ixracın yüksəlməsi hesabına təmin edilib.
Hesabatda qeyd olunur ki, qlobal LNG-nin təkrar ixracı iyun
ayında 68% azalaraq son illərin ən aşağı səviyyəsi olan 0,07 milyon
tona düşüb. Buna əsas səbəb kimi Çili və İndoneziyada təkrar ixrac
əməliyyatlarının kəskin azalması göstərilib. Bununla belə,
yanvar–iyun aylarında təkrar ixrac ümumilikdə 4,5% artaraq 1,95
milyon tona yüksəlib. Bu artım əsasən Çindən həyata keçirilən
təkrar ixrac hesabına mümkün olub.
Hesabatda eyni zamanda qeyd edilir ki, iyun ayında dünya üzrə
LNG daşımalarının sayı əvvəlki ayla müqayisədə 13 reys artaraq 508
yük partiyasına çatıb ki, bu da illik müqayisədə 1% çoxdur.
Yanvar–iyun aylarında ümumilikdə 3 192 LNG yükü daşınıb. Bu dövrdə
GECF qlobal LNG daşımalarında 38%-lik bazar payını qoruyub.
Təşkilat daxilində ən böyük ixracatçılar Malayziya, Rusiya və Qətər
olub.
İlin əvvəlindən etibarən LNG yükdaşımalarının sayında ən böyük
artım ABŞ (+166 yük) və Nigeriyada (+33 yük) qeydə alınıb. Faiz
ifadəsində isə ən yüksək artım Konqo Respublikası və Misirdə
müşahidə olunub. Hər iki ölkədə LNG yükdaşımalarının sayı 200%
artıb.
GECF həmçinin bildirir ki, iyun ayında LNG tankerlərinin spot
fraxt bazarı ümumilikdə sabit qalıb. TFDE tipli LNG daşıyıcıları
üzrə orta gündəlik fraxt dərəcəsi əvvəlki ayla müqayisədə 1%
artaraq 60,7 min ABŞ dollarına, iki taktlı mühərrikli gəmilər üzrə
isə 3% artaraq 87,4 min ABŞ dollarına yüksəlib. Buxar turbinli LNG
daşıyıcılarının orta gündəlik fraxt dərəcəsi isə aylıq müqayisədə
12% artaraq 28,1 min ABŞ dolları təşkil edib.
Hesabat müəlliflərinin qiymətləndirməsinə görə, iyun ayında
bazarda müsbət əhval-ruhiyyə əsasən Yaxın Şərqdə əldə olunan
çərçivə sülh razılaşması və Hörmüz boğazının yenidən açılacağına
dair gözləntilərlə bağlı olub. Bu amillər Qətər və BƏƏ-dən Asiya
bazarlarına LNG tədarükünün bərpası perspektivlərini gücləndirib.
Bununla yanaşı, ayın sonuna doğru Yaxın Şərqdən daha qısa marşrutlu
tədarüklərin gözlənilməsi ABŞ Körfəzindən uzaq məsafəli daşımaların
iqtisadi cəlbediciliyini azaldıb və spot fraxt tariflərinin müəyyən
qədər aşağı düşməsinə səbəb olub.
Hesabata əsasən, iyun ayında gəmi yanacağının orta qiyməti bir
ton üçün 680 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ayla
müqayisədə 15% azdır. Bunun nəticəsində LNG daşımalarının spot
nəqliyyat xərcləri bəzi marşrutlar üzrə 0,18 ABŞ dolları/MMBtu
qədər azalsa da, illik müqayisədə yanacaq, fraxt və LNG
qiymətlərinin yüksək qalması səbəbindən daşınma xərcləri ötən ilin
eyni dövrü ilə müqayisədə bəzi istiqamətlərdə 0,95 ABŞ
dolları/MMBtu daha yüksək olub.
Qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumu (GECF) dünyanın
aparıcı qaz ixracatçılarını birləşdirən hökumətlərarası
təşkilatdır. Təşkilata 12 tamhüquqlu və 8 müşahidəçi olmaqla
ümumilikdə 20 ölkə daxildir. Azərbaycan GECF-də müşahidəçi ölkə
statusuna malikdir. Forumun aylıq qaz bazarı hesabatında qlobal
iqtisadiyyat, qaz istehlakı və hasilatı, boru kəməri və LNG
ticarəti, qaz anbarları, eləcə də enerji qiymətlərinə dair
qısamüddətli bazar tendensiyaları təhlil edilir.

